ABŞ Rusiya vətəndaşı olan 7 fiziki şəxsi və iki quru yük gəmisini sanksiya siyahısından çıxarıb.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. 

Məlumata görə, sanksiya məhdudiyyətləri "Nornikel" şirkətinin əsas sahiblərindən biri, milyarder Vladimir Potaninin oğlu İvan Potanin üzərindən götürülüb. Bundan əlavə, "Sovkombank"ın müşahidə şurasının üzvü Mixail Klyukin, həmçinin Maksim Smirnov və Rusiya bayrağı altında üzən "Vyaçeslav Arşinov" və "Gennadi Eqorov" quru yük gəmiləri də qara siyahıdan çıxarılıb.

Vaşinqton, həmçinin daha 4 Rusiya vətəndaşını - German Belous, İrina Kremlyova, Viktor Nikolayev və Nadiya Çerkasovanı sanksiya siyahısından kənarlaşdırıb. "Forbes" jurnalının məlumatına görə, adları çəkilən bu şəxslərin hamısı "Otkrıtiye" maliyyə korporasiyasının keçmiş top-menecerləridir (Xatırladaq ki, sözügedən banka qarşı sanksiyalar 2022-ci ilin fevralında tətbiq edilmişdi).

Qeyd edək ki, ABŞ bundan əvvəl də "Otkrıtiye" bankının keçmiş rəhbəri, keçmiş maliyyə naziri Mixail Zadornovun, habelə bankın direktorlar şurasının sabiq üzvü Andrey Qolikovun və müşahidə şurasının keçmiş üzvü Yelena Titovanın adını sanksiya reyestrindən silmişdi. ABŞ rəsmiləri həmin şəxslərin "Otkrıtiye" bankındakı vəzifələrindən rəsmən ayrılmalarını əsas gətirərək bu addımı atmışdılar. Sözügedən maliyyə qurumu isə artıq mövcud deyil - bank onun sahibi olan VTB qrupu tərəfindən ləğv edilib.

Son qərarla sanksiya təzyiqindən qurtulanlar arasında iki Türkiyə şirkəti də var. Bu şirkətlər vaxtilə Rusiyaya tətbiq edilən məhdudiyyətlərdən yayınmağa kömək etdikləri iddiası ilə ikinci dərəcəli sanksiyalara məruz qalmışdılar.

ABŞ Maliyyə Nazirliyi Rusiya vətəndaşlarının və şirkətlərin sanksiya siyahısından çıxarılmasının konkret səbəbləri barədə geniş rəsmi şərh verməyib.

Rasim

“AzPolitika.info”