Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan əleyhinə qəbul etdiyi son qətnaməni və təşkilatın Monitorinq Komitəsinin həmməruzəçisi Frank Şvabenin çıxışını kəskin tənqid edib.
“AzPolitika” xəbər verir ki, partiyanın mətbuat xidmətinə açıqlama verən millət vəkili AŞPA-nı mənəvi baxımdan iflas etmiş təşkilat adlandırıb.
O xatırladıb ki, qurum hələ 2013-cü ilin oktyabrında Xocalı soyqırımını törətməsi ilə qürrələnən Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanı ayaqüstə alqışlayıb. Həmin iclasda Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın faktlara əsaslanan çıxış edərək Sarkisyandan əsir götürülmüş və itkin düşmüş 4035 azərbaycanlının taleyinə aydınlıq gətirməsini tələb etdiyini deyən Q.Həsənquliyev, həmin vaxt bu çağırışların nəzərə alınmadığını vurğulayıb.
Deputat qeyd edib ki, AŞPA qonşu dövlətin torpaqlarının 20 faizini işğal edən, bir milyon insanı ev-eşiyindən didərgin salan, soyqırımı və etnik təmizləmə həyata keçirən bir ölkənin prezidentini alqışlamaqla yanaşı, Ermənistanı işğalçı dövlət kimi tanımayıb, ona sanksiyalar tətbiq etməyib və hər cür siyasi-maliyyə dəstəyi göstərib. Onun sözlərinə görə, təşkilat indi də iki qonşu xalq arasında düşmənçilik yaratmış, əli günahsız dinc insanların qanına batmış, insanlıq əleyhinə ağır cinayətlər törətmiş erməni əsilli cəlladların azad olunmasını tələb edir və əsl niyyətini gizlətmək üçün siyasi motivlərlə tutulduğu iddia edilən bəzi azərbaycanlıları da onlara qoşur.
Qüdrət Həsənquliyev həbs olunmalarında siyasi motivlərin olduğu iddia edilən soydaşlarımızın, xüsusilə qızların əfv olunması təşəbbüsü ilə özünün də dəfələrlə çıxış etdiyini və onların azadlığa çıxaraq həyatlarını daha realist quracaqlarına inandığını dilə gətirib. Lakin o əlavə edib ki, AŞPA-da bu məsələni qaldıranlar bunu xoş niyyətlə etmir, əsas məqsədləri erməni qatilləri azad etdirməkdir.
F.Şvabenin qanunun aliliyi və insan hüquqları ilə bağlı problemlərin bütün ölkələrdə mövcud olduğuna dair fikirlərinə toxunan partiya sədri bildirib ki, kiçik ölkələrdə siyasi islahatların uğuru həm daxili faktorlardan, həm də əlverişli geosiyasi vəziyyətdən asılıdır. O vurğulayıb ki, cəmiyyət siyasi islahatlara hazır olmalı və bu proseslər sabitlik ilə təhlükəsizliyə təhdid yaratmamalıdır.
Sonda millət vəkili bəyan edib ki, Azərbaycan qərəzli və islamafob dairələrin qətnamələrinə əhəmiyyət vermədən ölkənin inkişafı üçün ilk növbədə iqtisadi və məhkəmə islahatlarına diqqət yetirməli, həmçinin "3+3" formatında regional əməkdaşlığı daha da genişləndirməlidir.
“AzPolitika.info”

Şərhlər