Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

"AzPolitika" xəbər verir ki, Hüseyn  Quliyev 23 iyun 1946-cı ildə, Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1953–1965-ci illərdə Naxçıvan şəhəri, 3 saylı orta məktəbində oxuyub. 1965–1970-ci illərdə M. Azizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb.

O, 1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub.

1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləyib.

1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri işləyib.

1991–1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olub.

1995–1997-ci illərdə "İDİL" Türk inşaat şirkətinin Rusiya nümayəndəsi,1997–2007-ci illərdə Rusiyanın "Trans-nafta" şirkətinin vitse-prezident vəzifəsində çalışmışdır.

2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri olub.

2009–2012-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, İdarə rəisi, 2012-ci ildən bu günə qədər Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri işləyib.

Evlidir, iki uşağı və üç nəvəsi var.