Avropa İttifaqı (Aİ) iyunun 25-də Ukraynaya daha əvvəl təsdiqlənmiş 90 milyard avroluq kredit paketindən 3,2 milyard avro dəyərində ilk tranşı köçürəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Polşanın Qdansk şəhərində keçirilən, Ukraynanın bərpasına həsr olunmuş konfransda bəyanat verib.
Onun sözlərinə görə, tezliklə Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün nəzərdə tutulmuş digər - 6 milyard avroluq paketdən də vəsaitlərin köçürülməsinə başlanacaq. Aİ ölkələrinin zəmanəti ilə verilən 90 milyardlıq kredit ötən ilin dekabrında razılaşdırılmışdı. Əvvəlcə vəsaitlərin Rusiyanın dondurulmuş aktivləri hesabına cəlb edilməsi sxemi müzakirə olunsa da, bu ideya bütün Aİ ölkələri tərəfindən dəstəklənməmişdi. Nəticədə fərqli bir sxem seçildi. Macarıstanın Baş naziri Viktor Orban seçkilərdəki məğlubiyyətinə qədər bu prosesi bloklamağa çalışsa da, Aİ vəd etdiyi kimi, iyunun sonuna qədər bütün prosedurları rəsmiləşdirə bildi. Şərtlərə görə, Ukrayna bu krediti yalnız o halda qaytaracaq ki, Rusiya ona təzminat (reparasiya) ödəsin - yəni kredit məhz həmin vəsaitlər hesabına bağlanacaq.
Ukrayna nümayəndə heyətinin rəhbəri, Baş nazir Yuliya Sviridenko bildirib ki, Qdansk forumunda ümumi dəyəri 10 milyard avroyadək olan təxminən 160 müqavilənin imzalanması gözlənilir.
Konfransa Ukrayna Prezidenti Volodimir Zelenskinin də qatılacağı gözlənilirdi. Lakin o, Polşa Prezidenti Karol Navrotski və digər rəsmi şəxslərlə yaşanan görünməmiş kəskin mübahisə fonunda səfərdən imtina edib.
Qalmaqala səbəb Ukraynadakı hərbi hissələrdən birinə "UPA Qəhrəmanları" (Ukrayna Üsyançı Ordusu) adının verilməsidir. Polşada bir çoxları bu təşkilatı İkinci Dünya Müharibəsi illərində dinc polyak əhalisinin kütləvi qətlində (Volın qırğını) ittiham edir. Polşa Prezidenti Navrotski bu addıma cavab olaraq Zelenskini ölkəsinin ali mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etdiyini açıqlayıb. Zelenski isə öz növbəsində həmin ordeni Polşaya poçt vasitəsilə geri göndərib. Digər ukraynalı siyasətçilər də onun nümunəsini təkrarlayıblar.
Prezident Navrotskinin siyasi rəqibi olan Polşanın Baş naziri Donald Tusk isə Qdanska gələrək gərginliyi yumşaltmağa çalışıb. O, Ukraynanın Avropa İttifaqına daxil olmaq istəyini haqlı hesab etdiyini, lakin bunun üçün "barışıq istəyi və iradəsinin" zəruri olduğunu bildirib. Tusk Zelenskinin hərəkətlərini tənqid etsə də, bu gərginliyin Polşanın Ukraynaya göstərdiyi ümumi dəstəyi şübhə altına qoymamalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Polşa və Ukraynanın birgə təşkil etdiyi forumda Avropanın və dünyanın bir çox ölkələrindən nümayəndələr, o cümlədən Çexiya, İsveç, Estoniya, Latviya və Litva rəhbərləri, həmçinin Avropa Komissiyasının təmsilçiləri iştirak edirlər.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər