Bakı Dövlət Universitetinin tələbələri üçün nəzərdə tutulan məzun gecəsi ləğv edilib.

Bu barədə tələbələr özləri məlumat veriblər.

Tələbələrin bildirdiyinə görə, tədbirə az qalmış onlara məzun gecəsinin baş tutmayacağı barədə məlumat verilib. İddialara əsasən, tədbirin təşkilatçılarından biri kimi təqdim olunan N.Möhbalıyeva tərəfindən təxminən 250 tələbədən hər biri 185 manat olmaqla ümumilikdə 46 min 250 manat vəsait toplanıb.

Məzunların sözlərinə görə, sonradan onlara təşkilatçının hesablarının dondurulduğu bildirilib və bu səbəbdən vəsaitin dərhal geri qaytarılmasının mümkün olmadığı qeyd edilib. Tələbələrə ödənişlərin 10 gün ərzində geri qaytarılacağı vəd olunub.

Lakin məzunlar bu vəziyyətin onlar üçün ciddi problem yaratdığını bildirirlər. Onların sözlərinə görə, bir çox tələbə məzun gecəsini başqa məkanda təşkil etmək üçün topladıqları vəsaitə hazırda ehtiyac duyur.

“Tələbələr üçün bu vəsaitin 10 gün sonra deyil, məhz indi qaytarılması vacibdir. Hazırda yüzlərlə tələbə və valideyn həm maddi, həm də mənəvi zərər çəkmiş vəziyyətdədir. Hadisənin səbəbləri, toplanmış vəsaitin taleyi və məsul şəxslərin öhdəlikləri ilə bağlı aidiyyəti qurumlardan rəsmi araşdırma və açıqlama gözləyirik”, – deyə tələbələrdən biri bildirib.

Məsələ ilə bağlı pul vəsaitlərinin mənimsənilməsi iddiaları üzrə polisə müraciətlər daxil olduğu, hüquq-mühafizə orqanlarında ərizə və izahatlar alındığı, hazırda araşdırmaların davam etdirildiyi bildirilir.

"AzPolitika.info"