Ukrayna dronlarının aramsız hücumları, kütləvi elektrik kəsintiləri, yanacaq çatışmazlığı və Rusiya ilə dəmir yolu əlaqəsinə qoyulan məhdudiyyətlər fonunda, Krımdan çıxış istiqamətində böyük tıxac yaranıb.

“AzPolitika” xəbər verir ki, sosial mediada yarımadadan Kerç körpüsünün girişinə doğru təxminən 2000 avtomobildən ibarət növbə yarandığı barədə məlumatlar və videogörüntülər yayımlanıb.

Məlumata görə, bu gün saat 10:00-a qədər 1780 avtomobil Krımdan çıxmaq üçün gözləyib və növbədə gözləmə müddəti dörd saatı keçib. Girişdəki tıxacda minlərlə avtomobil olub. Növbə təxminən 15 kilometrə qədər uzanıb və bu, son illərin rekordu sayılır.

Bu gecə 23:50-də körpüdə nəqliyyatın hərəkəti altı saat ərzində bağlanıb. Bu, Kerçdə gecə bir neçə obyektin vurulması ilə nəticələnən Ukraynanın PUA hücumlarıyla bağlı olub.

Qeyd edək ki, 22 iyundan Krımın yanacaqdoldurma məntəqələrində yanacağın sərbəst satışına qadağa qoyulub. Bundan sonra Krımdan çıxış yolunda demək olar, hər gün tıxaclar yaşanır, yarımadada turizm mövsümü demək olar, tam fiaskoya uğrayıb.

Eləcə də Ukrayna PUA-ları yarımadanın ən böyük şəhəri olan Sevastopolu tamamilə işıqsız qoyub. Həmçinin, yarımadanın bəzi şəhərlərində su təchizatında və ictimai nəqliyyatda fasilələr yaranmağa başlayıb. Bundan əlavə, işğalçı hakimiyyət Rusiya Federasiyası ilə dəmir yolu əlaqəsinin azaldıldığını elan edib.

Ukrayna rəhbərliyi isə Krımın Rusiyadan təcrid olunmasının və tezliklə “adaya çevrilməsinin” anaonsunu verib. Son olaraq Volodimir Zelenski Rusiyanı sülhə məcbur etməli olan 40 günlük əməliyyat planını təsdiqləyib.

“AzPolitika.info”