Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Vladimir vilayətindəki "Transneft-Verxnyaya Volqa" SC-nin "Vtorovo" neft stansiyasına pilotsuz uçuş aparatları (PUA) ilə təkrar zərbə endirildiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna mediası Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu, cari ay ərzində obyektə endirilən artıq ikinci zərbədir. Mənbələrin məlumatına əsasən, stansiya "Transneft-Verxnyaya Volqa" SC-nin strukturuna daxildir və açıq neft məhsullarının ixrac limanlarına və daxili istehlakçılara, o cümlədən Moskva istiqamətində nəqlini təmin edən əsas logistika qovşaqlarından biridir.

Həmçinin qeyd edilib ki, onun vasitəsilə dizel yanacağının Moskva dairəvi neft məhsulları boru kəmərinə, oradan isə Moskva ətrafındakı iri neft bazalarına nəqli həyata keçirilir. Eləcə də, stansiya neft məhsullarının Baltik dənizi limanları vasitəsilə ixracını təmin edir.

İlkin məlumatlara görə, Ukrayna PUA-ları neft stansiyasının texniki binalarını vurub, bundan sonra partlayış baş verib.

Qeyd olunur ki, "Vtorovo" stansiyasına əvvəlki hücum iyunun 10-da edilib.