Latviya, Litva və Estoniya Avropa İttifaqını (Aİ) Rusiya neftinin idxalına qadağa qoyulması ilə bağlı təxirə salınmış planların icrasını sürətləndirməyə çağırıb.
“AzPolitika” xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, bu məsələ iyunun 26-da Aİ-nin energetika nazirlərinin görüşündə müzakirə olunub.
Qəzetin həmsöhbətləri bildiriblər ki, Aİ-nin energetika məsələləri üzrə komissarı Den Yorqensen iclas zamanı Baltikyanı ölkələrin bu bəyanatını şərh etməyib. Lakin görüşdən sonra statusla bağlı danışan Yorqensen Yaxın Şərqdəki mövcud vəziyyətin Avropada aviasiya yanacağı qıtlığının qarşısını almağa imkan verəcəyini qeyd edib: "Etiraf etmək lazımdır ki, hətta razılıq əldə olunsa belə, neftlə bağlı vəziyyətin normallaşması üçün bir neçə ay, qazla bağlı isə bir neçə il vaxt lazımdır".
FT qeyd edir ki, keçən il Aİ ölkələri Avropa Komissiyasının Rusiya neftinin idxalına qadağa qoyulması məsələsini nəzərdən keçirməsi barədə razılığa gəlmişdilər. Lakin ABŞ və İsrailin İranla müharibəsi fonunda dünya neft və qaz tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazının bağlanması bu danışıqların dayandırılmasına səbəb olmuşdu.
Baltikyanı ölkələr ABŞ və İran arasında Hörmüz boğazının açılmasını nəzərdə tutan anlaşma memorandumunun imzalanmasından sonra bu məhdudiyyətlərin yenidən müzakirəsinə qayıtmağı təklif ediblər. Lakin son günlər (cümə və şənbə) tərəflərin Hörmüz boğazında ticarət gəmisinə hücumdan sonra bir-birlərini atəşkəsi pozmaqda ittiham edərək qarşılıqlı zərbələr endirməsi prosesi yenidən çətinləşdirə bilər.
Nəşrin qeyd etdiyinə görə, Macarıstan və Slovakiya kimi Rusiya neftindən ciddi şəkildə asılı olan ölkələr bu qadağanın əleyhinə çıxa bilər. Bununla belə, Aİ-nin ayrı-ayrı üzv dövlətləri bu qərara birbaşa veto qoya bilməyəcəklər.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı 2027-ci ilin sonuna qədər Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını mərhələli şəkildə dayandırmaq barədə razılığa gəlib. Rusiya neftinin idxalına qadağa qoyulması təklifi isə ilkin olaraq aprelin 15-də müzakirəyə çıxarılmalı idi, lakin mart ayında Avropa Komissiyasının ilkin gündəliyindən çıxarılmışdı.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər