Kəraçidə Sind əyalətinin hərbi statuslu xüsusi asayiş keşikçilərinin (reyncerlərin) mənzil-qərargahına terrorçuların hücumu zamanı altı nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Dawn" nəşri region polisinin baş inspektoru Cavid Alam Odhoya istinadən məlumat yayıb.

Məlumata görə, hücumdan sonra Gülüstani-Cövhər rayonunda atışma başlayıb və bu zaman üç reyncer və üç terrorçu həlak olub.

Odhonun sözlərinə görə, terrorçular avtomobili mənzil-qərargahın əsas darvazasına çırpıblar. O həmçinin bildirib ki, ərazidə təmizləmə əməliyyatı aparılır və rayon Xüsusi Mühafizə Bölməsinin döyüşçüləri, antiterror qüvvələri və reyncerlər tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, Pakistan reyncerləri - DİN-ə tabe olan, lakin nizami Pakistan ordusunun Pəncab və Sind reyncerlərinin tərkibindən olan zabitlər tərəfindən idarə edilən Pakistan Mülki Silahlı Qüvvələrinin federal hərbiləşdirilmiş birləşmələridir.