Rusiya Prezidenti Vladimir Putinə video müraciət ünvanlayaraq onu üsyanla hədələyən rusiyalı hərbçi Aleksandr Lunin saxlanılıb.
"AzPolitika" xəbər verir ki, məhkəmə onun barəsində 11 günlük inzibati həbs qərarı çıxarıb.
Bu barədə məlumatı hərbçinin ailəsinə yaxın olan teleqram kanalının administratoru yayıb.
Hərbçinin həyat yoldaşı Tatyana Lunina "VKontakte" sosial şəbəkəsində həyat yoldaşının sağ olduğunu təsdiqləsə də, ondan mətbuata heç bir məlumat verməməyi, müsahibə və şərhlərdən qaçmağı xahiş etdiyini bildirib. Məlumata görə, iyunun 27-nə keçən gecə Luninin Voronej vilayətinin Lizinovka kəndindəki evində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb.
Qeyd olunur ki, Lunin həbsindən bir gün əvvəl – iyunun 26-da Moskvaya getdiyini açıqlamışdı. O, paytaxta Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri, tanınmış "donosçu" (şikayətçi) Vitali Borodinin dəvəti ilə getdiyini bildirmişdi.
Xatırladaq ki, Aleksandr Lunin iyunun 25-də "Instagram" hesabında Vladimir Putinə birbaşa müraciət ünvanlayaraq Rusiya ordusundakı dəhşətli özbaşınalıqlardan bəhs etmişdi. O, komandirlərin əsgərləri mütəmadi olaraq döydüyünü, onlara işgəncə verdiyini və "axmaq əmrlərə" tabe olmamaq müqabilində hərbçilərdən rüşvət tələb etdiyini iddia etmişdi.
Lunin müraciətinin sonunda Kremli açıq şəkildə təhdid edərək bu ifadələri işlətmişdi:
"Əgər mən tezliklə Kremlə gəlib sizinlə canlı danışmasam, ordu silahlarını Kremlə tərəf çevirəcək".
Müraciətdən dərhal sonra rusiyalı hərbçinin nəzarətə alınması və evində axtarış aparılması Kremllə bağlı hərbi dairələrdə üsyan qorxusunun hələ də aktual olduğunu göstərir.
Rasim
AzPolitika.info"

Şərhlər