Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistandakı mövcud siyasi vəziyyət və İrəvanın xarici siyasət kursu ilə bağlı kəskin bəyanatlar verib. O, Qərb dövlətlərinin Ermənistanın daxili işlərinə və seçki proseslərinə misilsiz dərəcədə müdaxilə etdiyini bildirib.

"AzPolitika" xəbər verir ki, Medvedevin sözlərinə görə, Qərb Ermənistana sadəcə Rusiyaya qarşı mübarizə aləti kimi yanaşır və respublikanın siyasi meydanını tamamilə təmizləməkdə maraqlıdır. O qeyd edib ki, xarici güclər Ermənistanın dövlət aparatını tamamilə kənardan, əl ilə idarəetmə rejiminə keçiriblər.

Ermənistanın daxili siyasətindəki repressiyalara toxunan Rusiya rəsmisi vurğulayıb ki, siyasi rəqiblərlə hesablaşmaq indiki hakimiyyət komandasının vizit kartına çevrilib. Medvedev müxalifət lideri Çarukyanın toxunulmazlığının ləğv edilməsi barədə qaldırılan vəsatəti də məhz müxalif qüvvələrə qarşı repressiyaların növbəti mərhələsi kimi qiymətləndirib.

Xarici siyasətdəki təhlükələrə diqqət çəkən Təhlükəsizlik Şurasının sədr müavini xəbərdarlıq edib ki, İrəvanın Moskva ilə münasibətləri qırması erməni xalqı üçün çox ağır nəticələrə səbəb olacaq və Avropa İttifaqını bu təhdidlər qətiyyən maraqlandırmır.

Sonda Medvedev əlavə edib ki, Rusiya Ermənistan rəhbərliyinin niyyətlərini rəsmi bəyanatlara görə deyil, yalnız real addımlara və konkret əməllərə əsasən qiymətləndirəcək.

"AzPolitika.info"