Almaniya iqtisadiyyatı istidən çox böyük ziyan çəkir.

"Report" xəbər verir ki, bunu federal ətraf mühit naziri Karsten Şnayder "Handelsblatt"a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ölkə hələ də getdikcə daha tez-tez baş verən isti dalğalarına yaxşı hazır deyil və adaptasiya 20-25 il çəkəcək. Şnayder həmçinin xəbərdarlıq edib ki, suya çıxış gələcəkdə biznes yeri seçərkən əsas amil ola bilər. Yeraltı su səviyyəsinin aşağı düşməsi və göllərin quruması artıq sənayeyə təsir göstərir. Bu problem xüsusilə yüksək su istehlakı olan irimiqyaslı sənaye sahələri üçün kəskindir.

"Bu, yalnız suyun 10 və ya 20 il davam edib-etməyəcəyi məsələsi deyil, həm də sosial qəbul məsələsidir. İnsanların qıtlıqdan qorxduqları yerdə müqavimət artır".

Qeyd edək ki, Almaniyada ardıcıl üçüncü gündür ki, ölkə üzrə rekord temperatur qeydə alınıb.