İsrailin 37-ci hökumətinin 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı" kimi tanımaq addımı regionda və beynəlxalq müstəvidə ciddi rezonans doğurub. Keçmiş xarici işlər naziri, tanınmış diplomat Tofiq Zülfüqarov mövzu ilə bağlı diqqətçəkən şərh paylaşıb.

"AzPolitika" xəbər verir ki, sabiq nazir İsrail hökumətinin bu addımının pərdəarxası məqamlarına toxunaraq, baş verənlərin xalis siyasi eqoizmdən qaynaqlandığını vurğulayıb.

T.Zülfüqarov qeyd edib ki, bu qərarın niyə məhz indiyə qədərki kabinetlər deyil, məhz Benyamin Netanyahunun rəhbərlik etdiyi 37-ci hökumət tərəfindən verilməsi təsadüfi deyil: "Buradakı əsas müsbət nəticə odur ki, İsrail də daxil olmaqla, siyasətçilər bu cür siyasi ifşaları yalnız özlərinə sərf edən zaman edirlər. Bu addımlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, faciə qurbanlarına qarşı hansısa “şəfqət”' və ya “hissiyyat”dan deyil, xalis siyasi eqoizmdən irəli gəlir. Erməni xalqının tarixinin ən faciəvi səhifələrindən birini növbəti dəfə cinik şəkildə “xırda pul” kimi dövriyyəyə buraxırlar".

Sabiq nazir vurğulayıb ki, Təl-Əviv bu gedişi Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə ilə sərhədlərin açılmasına və münasibətlərin normallaşmasına can atdığı bir vaxtda edir: "Ermənistan üçün qonşuları ilə sülh bir inkişaf şansıdırsa, İsrailin 37-ci hökuməti hesab edir ki, bu, belə olmamalıdır".

Diplomatın fikrincə, Netanyahunu bu addımı atmağa sövq edən əsas amil ABŞ-dən gələn son bəyanat olub:"Netanyahunun xoşuna gəlmir ki, bu qərardan cəmi bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Türkiyəyə “F-35” qırıcı təyyarələrinin tədarükünə hazır olduğunu elan edib".

Tofiq Zülfüqarov İsrail hökumətinin bu siyasəti fonunda rəsmi Bakının da öz gedişlərini etməli olduğunu bildirib.

O, Azərbaycanın regional balansları qorumaq üçün yaranan şəraiti dəyərləndirməli olduğunu vurğulayıb: "Hesab edirəm ki, İran siyasi elitasında Azərbaycana yönəlik rəğbətin (pro-Azərbaycan simpatiyalarının) artmasını da nəzərə alsaq, bu hadisə bizim üçün Netanyahu hökumətindən məsafə saxlamaq adına yaxşı bir bəhanədir. Bir sözlə, hər şey həmişəki kimidir – hamı özünə sərf edən addımları atacaq".

Rasim

"AzPolitika.info"