Fransada 11 gündür davam edən anomal istilər ölkəni iflic edib. Kütləvi insan itkiləri fonunda müxalif siyasətçilər Fransa hökumətini "səriştəsizlik" və "fəaliyyətsizlikdə" ittiham edərək kəskin tənqid atəşinə tutublar.
"AzPolitika"nın Beynəlxalq Fransa Radiosunun (RFI) rəsmi saytına istinadən xəbər verir ki, bu qalmaqal ölkənin səhiyyə rəsmilərinin gözlənilən ölüm səviyyəsindən əlavə təxminən 1000-dən çox insanın öldüyünü açıqlamasından sonra pik həddə çatıb.
"Siyasi məsuliyyəti müəyyənləşdirmək üçün bu insan tələfatının pərdəarxasına tam işıq salmalıyıq. Bəziləri buna görə mütləq cavab verməli olacaq", – deyə Fransa "Yaşıllar" partiyasının lideri Marin Tondelye "X" sosial şəbəkəsində yazıb.
İfrat solçu "Boyun əyməyən Fransa" partiyasının deputatı Klemans Gette də hökumətin anomal istilərə qarşı addımlarını "fəlakət" adlandırıb və rəsmi Parisin bu böhrana tamamilə "hazırlıqsız" olduğunu bəyan edib.
Fransa Milli Səhiyyə Agentliyinin məlumatına görə, ötən çərşənbə günündən bəri 1000-ə yaxın qeyri-adi ölüm halı qeydə alınıb. İstilərlə bağlı "qırmızı xəbərdarlıq" (ən yüksək təhlükə) elan edilmiş bölgələrin daha çox zərər çəkdiyi, dünyasını dəyişənlərin 85 faizinin isə 65 və daha yuxarı yaşda olan şəxslər olduğu bildirilir.
Agentlik qeyd edir ki, ölüm hallarında ən kəskin artım ev şəraitində qeydə alınıb. Bu tendensiya xüsusilə paytaxt Paris və ətraf qəsəbələri əhatə edən İl-de-Frans regionunda özünü büruzə verir. Həmçinin vurğulanıb ki, bu rəqəmlər hələlik ilkindir və real itkilər daha böyük ola bilər.
Fransanın Səhiyyə naziri Stefani Rist temperaturun aşağı düşməsindən sonra belə, onsuz da gərgin iş rejimində çalışan xəstəxanaların üzərinə düşən yükün azalmayacağını etiraf edib. Nazirin sözlərinə görə, istilərin xroniki xəstəlikləri olan pasiyentlərə mənfi fəsadları "hələ bir neçə həftə davam edə bilər".
"Météo-France" meteorologiya xidməti cari anomal istilərin "intensivliyinə görə 2003-cü ilin dəhşətli avqust istilərini geridə qoyduğunu, davamlılığına görə isə onunla müqayisə oluna biləcəyini" açıqlayıb. Xatırladaq ki, 2003-cü ildəki bürkü dalğası Fransada təxminən 15 000 insanın ölümünə səbəb olmuş, bir çox xəstəxana və qocalar evlərinin böhran vəziyyətlərinə tamamilə hazırlıqsız olduğunu ifşa etmişdi.
Eyni zamanda, ölkədə son illər "Yaşıl Fond"un maliyyələşməsinin kəskin azaldılması da ciddi narazılıq doğurub. Belə ki, bu fonda ayrılan vəsait 2024-cü ildəki 2,5 milyard avrodan 2026-cı ildə cəmi 837,5 milyon avroya qədər endirilib. Prezidentliyə namizəd Eduar Filipp bəyan edib ki, "Yaşıl Fond"un büdcəsi ikiqat artırılmalı, ictimai yerlərdə kondisioner sistemlərinin quraşdırılmasına və iqlim adaptasiyasına yönəldilməlidir. O, qlobal istiləşməyə uyğunlaşma məsələsini özünün əsas prioritetlərindən biri edəcəyinə söz verib.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus isə istilik stressini "səssiz qatil" adlandıraraq Avropa ölkələrini bu cür hava şəraitində əhalinin sağlamlığının qorunması üçün təxirəsalınmaz planları tam gücü ilə icra etməyə çağırıb.
"AzPolitika.info"

Şərhlər