ABŞ və İran arasında hərbi gərginliyin azaldılmasına yönəlmiş diplomatik prosesdə ziddiyyətli məlumatlar böhranı yaranıb.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran tərəfinin müraciəti əsasında çərşənbə axşamı (sabah) Dohada görüş keçiriləcək. Tramp öz sosial şəbəkə hesabında bu barədə qısa açıqlama verib: “İran görüş xahiş edib. Bu görüş sabah Dohada baş tutacaq”. Ağ Ev rəhbəri məsələnin digər detalları barədə məlumat verməyib.
Daha əvvəl Qərb mediasına danışan amerikalı rəsmi mənbə ABŞ və İranın qarşılıqlı hücumları dayandırmaq, danışıqlar masasına qayıtmaq və Hürmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinə icazə vermək barədə razılığa gəldiyini bildirmişdi: "Anlaşma memorandumunun bütün istiqamətləri üzrə texniki danışıqların davam etdirilməsi planlaşdırılır. Hər iki tərəf hərbi əməliyyatları müvəqqəti olaraq dayandıracaq və gəmilər boğazdan sərbəst şəkildə keçə biləcəklər".
"Reuters" agentliyinin mənbələri də texniki işçi qruplarının yaxın günlərdə Dohada bir araya gələcəyini təsdiqləmişdi.
Lakin Trampın iddialarının əksinə olaraq, İran tərəfi görüşün baş tutacağını inkar edir. İranın "Tasnim" xəbər agentliyinin yaydığı məlumata görə, ölkənin xarici işlər nazirinin müavini Kazım Qaribabadi ABŞ-İran anlaşma memorandumu çərçivəsində texniki işçi qruplarının bu həftə hər hansı bir görüşünün nəzərdə tutulmadığını bəyan edib.
Ekspertlər bu ziddiyyətli bəyanatları tərəflərin danışıqlar masasında daha üstün mövqe qazanmaq və daxili auditoriyaya fərqli mesajlar ötürmək gedişi kimi qiymətləndirirlər.
Rasim
“AzPolitika.info”

Şərhlər