Rusiya hesab edir ki, "Tramp Marşrutu"nun (Zəngəzur dəhlizi) perspektivi birmənalı deyil.

AzPolitika” xəbər verir ki. bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə verdiyi müsahibədə deyib.

Qaluzin iddia edib ki, bu marşrutun yaranmasında Rusiyanın müstəsna rolu var və Moskvanın bundan kənarda qalması məqəsədəuyğun deyil: "2022-2023-cü illərdə Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı bütün məsələlər Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli işçi qrupu çərçivəsində üç dövlətin hökumət başçılarının müavinləri səviyyəsində müzakirə edilib. Məhz o zaman dəmir yolu xidmətinin bərpası üsulları, o cümlədən Ermənistan və Azərbaycan arasında dəmir yollarının birləşdirilməsi və ya dövrələnməsi üsulları müzakirə edildi. Bizim günahımız olmadan bu müzakirələr - üçtərəfli işçi qrupu daxilindəki dialoq dayandırıldı. İndi davam etdirmək olduqca çətindir, çünki başa düşdüyüm qədəri ilə Ermənistan gələcək dəmir yolunun nizamnamə kapitalının 49%-ni Amerika tərəfinə vəd edib".

Qaluzin hesab edir ki, ABŞ və İsrailin İrana qarşı təcavüzündən sonra İran tərəfi ABŞ-nin birbaşa onun şimal sərhədlərində olmasından məmnun qala bilməz: "Beləliklə, perspektivlər birmənalı deyil və biz inanırıq ki, Rusiyanın iştirakından bu layihə yalnız qazanardı”.

Qaluzin xatırladıb ki, Ermənistan dəmir yolları Rusiya Dəmir Yollarının törəmə müəssisəsi olan "Cənubi Qafqaz Dəmir Yolları" qapalı səhmdar cəmiyyəti tərəfindən idarə olunur. Üstəlik, Ermənistandan tranzit Avrasiya İqtisadi Birliyinin norma və qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Çünki Ermənistan bu təşkilatın üzvü olaraq qalır: “Həmçinin, marşrut Ermənistanın Türkiyə və İranla sərhədini qoruyan Rusiya sərhədçilərinin mühafizə etdiyi ərazidən keçəcək. Beləliklə, bu və ya digər şəkildə Rusiyanın və Avrasiya İqtisadi Birliyinin rəyi nəzərə alınmalıdır".

Beləliklə, Qaluzin Moskvanın Zəngəzur dəhlizində iştirak iddiasını təzələmiş olub. Bu zaman Rusiya sərhədçilərinin, Rusiya Dəmir Yollarının, eləcə də İran faktorunun xüsusi qeyd edilməsi Nikol Paşinyan hökumətinə təzyiq rıçaqları kimi istifadə olunur.

“AzPolitika.info”