İyulun 1-dən etibarən Avropa İttifaqı qeyri-Aİ ölkələrindən gələn aşağı qiymətli kommersiya bağlamalarına 3 avro məbləğində müvəqqəti gömrük rüsumu tətbiq edəcək.

Xarici media yazır ki, bu tədbir əsasən Çindən gələn bağlamalara təsir edəcək. Avropa Komissiyası qeyd edir ki, bu, Avropa istehsalçılarını ədalətsiz rəqabətdən və vətəndaşları təhlükəli mallardan qorumaq məqsədi daşıyır.

Avropa Komissiyasının məlumatına görə, yeni gömrük rüsumu dəyəri 150 avroya qədər olan kommersiya bağlamalarına şamil edilir. Bundan əlavə, 3 avroluq rüsum bütün bağlamaya deyil, onun içindəki hər bir kateqoriyalı mallara tətbiq olunacaq. Əgər bağlamada palto, kitab və fincan, yəni müxtəlif kateqoriyalardan olan mallar varsa, alıcı əlavə 9 avro ödəməli olacaq.

Avropa Komissiyası ümid edir ki, yeni rüsum avropalıları ucuz mal almaqdan çəkindirəcək. Tədbir hazırda müvəqqəti olaraq tətbiq olunur və 1 iyul 2028-ci ilə qədər qüvvədə qalacaq. O vaxta qədər Aİ vahid gömrük məlumat mərkəzi yaratmağı planlaşdırır. Bunun bütün bağlamalar üzrə rüsumların hər bir məhsul növünə xas faiz dərəcələri ilə hesablanmasına imkan verəcəyi planlaşdırılır. Standart idxal qaydaları 150 avrodan yuxarı bağlamalar üçün tətbiq olunmağa davam edəcək. Rüsum malların dəyəri və onların çatdırılması, ƏDV və yük daşınması əsasında hesablanır.

Əlavə rüsum tətbiq etmək qərarı Avropa Komissiyası tərəfindən 2025-ci ilin dekabr ayında qəbul edilib. Komissiya qeyd edib ki, Aİ-yə gələn ucuz bağlamaların sayı dörd il ərzində dörd dəfə artaraq 2025-ci ildə 5,9 milyarda çatıb. Bu göndərişlərin təxminən 90%-i Çindən, əsasən Shein və Temu da daxil olmaqla onlayn pərakəndə satış şirkətlərindən gəlir.

Avropa Komissiyasının məlumatına görə, bu, Avropa istehsalçılarının mövqeyini sarsıdır. Avropa Komissiyası Aİ-yə idxal edilən onlayn sifarişlərin 60%-nin Avropa tələblərinə cavab verməyən və buna görə də istehlakçılar üçün təhlükəli məhsullar ehtiva etdiyini müəyyən edən bir araşdırmaya istinad edib. May ayında Avropa tənzimləyiciləri Temu-nu qanunsuz və təhlükəli məhsullar satdığına görə 200 milyon avro cərimələyib. /Trend