Rusiya Ukraynanın Zaporojye, Xerson, Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, nəticədə 7 nəfər ölüb, 56 nəfər yaralanıb.

Bu barədə "Report" Ukrayna mediasına istinadən xəbər verir.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, ötən sutka ərzində Rusiya qoşunları regionun 56 yaşayış məntəqəsinə 975 zərbə endirib. Zərbələr nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, Rusiyanın vilayəti atəşə tutması nəticəsində 3-ü uşaq olmaqla 11 nəfər xəsarət alıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın verdiyi məlumata görə, Rusiya qoşunları pilotsuz uçuş aparatlarından istifadə etməklə vilayətin dörd rayonuna on dəfədən çox zərbə endirib. Zərbələr nəticəsində üç nəfər yaralanıb, həmçinin mülki infrastruktur zədələnib.

Bundan başqa, Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, ötən sutka ərzində Rusiya qoşunları raketlər, idarəolunan aviabombalar və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə Xarkova və vilayətin 29 yaşayış məntəqəsinə zərbələr endirib. Nəticədə 4 nəfər ölüb, 24 nəfər, o cümlədən 2 uşaq yaralanıb.