Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinə etiraz edən 7 siyasi qüvvənin müraciətinin araşdırılmasını artıq 5-ci gündür ki, davam etdirir. Bu gün keçirilən iclas isə tamamilə qapalı elan olunub və burada məxfi siyahılarla bağlı məsələlər müzakirə edilir.

"AzPolitika" erməni mediasına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan məlumat verib.

Məhkəmə sədri iclasın qapalı keçirilməsinin səbəbini belə izah edib: "Bu gün məxfi sənədləri araşdıracağıq. Bu sənədlərin öyrənilməsi məhkəmə prosesinin xüsusi bir mərhələsidir və bağlı qapılar arxasında keçirilməlidir. İclasda yalnız proses iştirakçıları və hakimlər iştirak edəcəklər".

Məlumata görə, seçki nəticələrinin ləğvi ilə bağlı prosesdə Konstitusiya Məhkəməsinin 9 hakimindən 7-si iştirak edir.

Qanunvericiliyə əsasən, iddia ərizələri qeydə alındıqdan sonra məhkəmə 15 gün müddətində yekun qərarını verməlidir. Siyasi qüvvələrin şikayətləri ötən həftənin cümə günü daxil olduğundan, Konstitusiya Məhkəməsi ən geci iyulun 4-nə qədər rəsmi mövqeyini açıqlamağa borcludur.

"Konstitusiya Məhkəməsi haqqında" qanuna görə, Yüksək Məhkəmənin önündə iki əsas yol var.

Mərkəzi Seçki Komissiyasının seçki nəticələrinə dair qərarını dəyişdirmədən qüvvədə saxlamaq və seçki nəticələrini etibarsız sayaraq aşağıdakı 3 qərardan birini qəbul etmək:

Seçki nəticələrini tamamilə ləğv etmək;

Nəticələri qismən ləğv edərək deputat mandatlarının bölünməsi qaydasını yenidən müəyyənləşdirmək;

Ölkədə seçkilərin ikinci mərhələsini təyin etmək.

Qeyd edək ki, seçki nəticələrinə etiraz edən hər 7 siyasi blok və partiyanın şikayət ərizələri Konstitusiya Məhkəməsinin rəsmi saytında ictimaiyyət üçün dərc olunub.

Rasim

“AzPolitika.info”