İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri uğurlu olub.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai APA-nın Tehran bürosunun sualını cavablandırarkən deyib.

XİN sözçüsü Qalibafın ötən həftə Azərbaycana səfərini uğurlu kimi qiymətləndirib.

“Bu, çoxtərəfli səfər idi. Qalibafın Bakıya səfəri uğurlu oldu və İranın Qərbi Asiyada baş verən proseslərlə bağlı mövqeyinin izahına kömək etdi”, - Bəqai bildirib.

XİN sözçüsü qeyd edib ki, İran üçün parlament diplomatiyasının imkanlarından istifadə, digər ölkələrlə münasibətlərin inkişaf etdirilməsi və xüsusilə regionda mövcud gərgin şəraitdə məsələlərin izahı mühüm əhəmiyyət daşıyır.