İsrail ordusunun müdafiə büdcəsinin rekord həddə artırılması tələbi hökumət daxilində ciddi fikir ayrılığına səbəb olub.
İsrail mətbuatının yaydığı məlumata görə, ordu hazırda 38,9 milyard dollar olan müdafiə büdcəsinin 49,5 milyard dollara çatdırılmasını istəyir. Hərbi rəhbərlik artan əməliyyat xərcləri səbəbindən mövcud maliyyə vəsaitinin kifayət etmədiyini bildirir.
Məlumata əsasən, büdcə çatışmazlığı səbəbindən ordu ehtiyatda olan hərbçilərin bir qismini xidmətdən uzaqlaşdırmağa və yüksək maliyyətli hərbi əməliyyatlardan çəkinməyə məcbur qalıb.
Bununla yanaşı, İsrail Maliyyə Nazirliyi ordunun tələbini "həddindən artıq" və "məntiqsiz" adlandıraraq əlavə vəsait ayrılmasına qarşı çıxıb. Nazirlik hesab edir ki, müdafiə xərclərinin bu həcmdə artırılması sosial sahələrə ayrılan vəsaitin azaldılmasına və ölkənin beynəlxalq kredit reytinqinin pisləşməsinə səbəb ola bilər.
Qeyd olunur ki, İsrailin 2026-cı il üçün müdafiə büdcəsi əvvəlcə 30,3 milyard dollar müəyyənləşdirilsə də, artan hərbi xərclər nəzərə alınaraq mart ayında 38,9 milyard dollara yüksəldilib.
Hökumət daxilində yaranmış fikir ayrılığı fonunda yekun qərarın İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən veriləcəyi bildirilir.
"AzPolitika.info"

Şərhlər