Yay aylarında havaların isti keçməsi səbəbindən qidalanmaya xüsusi diqqət yetirilməlidir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yayda su balansını qorumaq əsas şərtdir

Bildirildiyinə görə, ilk növbədə, orqanizmin maye balansının qorunması üçün kifayət qədər suyun qəbul edilməsi vacibdir. İsti hava şəraitində orqanizm daha çox maye itirdiyindən gündəlik su tələbatının ödənilməsi sağlamlığın qorunmasında mühüm rol oynayır.

Ümumilikdə hər kiloqram bədən çəkisi üçün təxminən 30 millilitr suyun qəbul edilməsi tövsiyə olunur. Maye ehtiyacının qarşılanması üçün ən uyğun seçim adi sudur. Şirin və qazlı içkilərin, həmçinin həddindən artıq çay və qəhvə istehlakının azaldılması məsləhət görülür.

Mövsümi meyvə-tərəvəzlərə üstünlük verilməlidir

Qidalanmada mövsümə uyğun təzə meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Bu məhsullar vitamin, mineral maddələr və qida lifləri ilə zəngindir. Bununla yanaşı, meyvələrin də həddindən artıq istehlak edilməməsinə diqqət yetirilməlidir. Çünki onların tərkibindəki təbii şəkərin normadan artıq qəbulu enerji balansının pozulmasına və bədənin çəkisinin artmasına səbəb ola bilər.

Sağlam bişirmə üsulları və qida təhlükəsizliyi ön planda olmalıdır

Həmçinin qeyd edilib ki, yeməklərin hazırlanma üsulu da sağlam qidalanmanın vacib tərkib hissəsidir. Daha çox sobada, buxarda və ya yağ əlavə edilmədən tavada bişirilmiş yeməklərə üstünlük verilməsi məqsədəuyğundur. Yay mövsümündə təşkil olunan pikniklərdə manqalda hazırlanmış qidalar da düzgün bişirildiyi və qida təhlükəsizliyi, eləcə də gigiyena qaydalarına əməl olunduğu halda sağlam seçim hesab oluna bilər.

Nizamlı yuxu rejimi sağlam qidalanmanı tamamlayır

Yay aylarında yuxu rejiminin qorunması da sağlam həyat tərzinin vacib elementlərindəndir. Tətil dövründə gec yatmaq və bunun nəticəsində əlavə qida qəbulu həzm sisteminə əlavə yük yarada bilər. Buna görə həm sağlam qidalanmanın, həm də ümumi sağlamlığın qorunması üçün nizamlı yuxu rejiminə əməl edilməsi tövsiyə olunur.