"BakuBus" MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bunu Plat.az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib.

Şirkətdən bildirilib ki, Naxçıvan şəhərində yeni avtobus parkı kompleksinin tikintisi son mərhələyə çatıb. Kompleksə inzibati binalar, texniki baxış və təmir mərkəzi, avtoyuma sahəsi, elektrik doldurma məntəqəsi, transformator məntəqəsi və qazanxana daxildir:

"Naxçıvanda istismara veriləcək 60 ədəd "BYD" markalı tam elektrik mühərrikli avtobusun hamısı artıq yeni avtobus parkına çatdırılıb. Hazırda onların istismara hazırlanması və son texniki işlər görülür. Avtobusların yaxın vaxtlarda sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır".

Qurumdan əlavə edilib ki, sürücü heyətinin formalaşdırılması prosesi də davam edir:

"İndiyədək sürücü vəzifəsi üzrə 330-dan çox müraciət daxil olub. 230-dan çox namizəd müsahibədə iştirak edib, onlardan 165 nəfər uğurla növbəti mərhələyə keçib. Sürücülər nəzəri və praktiki təlimlərə cəlb olunurlar".

Məlumata görə, Naxçıvanda fəaliyyət göstərəcək bütün avtobuslarda gedişhaqqı yalnız nağdsız qaydada ödəniləcək. Sərnişinlər bank kartları və NFC texnologiyası vasitəsilə təmassız ödəniş edə biləcəklər.

İlkin mərhələdə Naxçıvan şəhərində 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli marşrut xətləri üzrə sərnişindaşıma həyata keçiriləcək. Şirkətin bildirdiyinə görə, layihə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, ekoloji təmiz nəqliyyatın inkişafına və ödəniş sisteminin tam nağdsız formata keçidinə xidmət edəcək.

Qeyd edək ki, bu ilin əvvəllərində "Bakubus"un Naxçıvanda fəaliyyətə başlayacağı barədə mətbuatda məlumatlar yayılmışdı.