Almaniya öz müdafiə sistemindəki boşluqları doldurmaq məqsədilə ABŞ ilə öz ərazisində daha çox Amerika silahının istehsalı ilə bağlı danışıqlar aparır. 

"AzPolitika" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti vəziyyətlə tanış olan bir neçə mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, gələn həftə Ankarada keçiriləcək NATO sammiti ərəfəsində bu danışıqlar daha da sürətlənib.

Nəşrin mənbələrindən biri qeyd edib ki, müzakirələr hər iki ölkənin müdafiə imkanlarını gücləndirə biləcək "hər şeyi" əhatə edir. Bura uzaqmənzilli "Tomahawk" (Tomaqavk) və "Patriot" kompleksləri üçün PAC-3 raketlərinin birgə istehsalı da daxildir. Digər bir həmsöhbət isə ABŞ tərəfinin reaksiyasının "gözləniləndən daha müsbət" olduğunu bildirib.

FT yazır ki, Almaniya hökuməti ABŞ-nin may ayında qəbul etdiyi bir qərardan xüsusilə narahat olub. Belə ki, Vaşinqton Almaniyada yerüstü "Tomahawk" sistemləri ilə təchiz olunmuş batalyonun yerləşdirilməsi planını ləğv edib. Bu plan vaxtilə ABŞ-nin keçmiş prezidenti Co Bayden tərəfindən Rusiyanın Kalininqraddakı qanadlı raketlərinə cavab olaraq hazırlanmışdı.

Bundestaqın Müdafiə Komitəsinin sədri Tomas Revekamp məsələ ilə bağlı deyib:

"Avropa qitəsini qorumaq üçün təcili olaraq "Tomahawk" raketlərinin imkanlarına ehtiyacımız var. Əgər amerikalılar bu raketləri burada yerləşdirmirlərsə, biz onların döyüş qabiliyyətini qoruyub saxlamaq üçün yeni yollar tapmalıyıq".

Mənbələr qeyd edir ki, danışıqlar hələ ilkin mərhələdə olduğu üçün sazişin gələcəyi qeyri-müəyyən olaraq qalır. Çünki yekun qərar Almaniya Kansleri Fridrix Mers və ABŞ Prezidenti Donald Tramp arasındakı siyasi gərginlik fonunda sırf siyasi xarakter daşıyacaq.

Skeptiklər isə vurğulayırlar ki, Vaşinqtonun ən məxfi texnologiyaların xaricdə istehsalına icazə verməsi real görünmür.

Bununla belə, Almaniya Müdafiə Nazirliyi ABŞ şirkətləri ilə "intensiv və yaxşı qurulmuş" əməkdaşlığın olduğunu təsdiqləyib. Hazırda Almaniyanın "Rheinmetall" və Amerikanın "Raytheon" şirkətləri artıq birgə şəkildə PAC-2 və GEM-T raketlərini istehsal edirlər.

Rasim Əliyev

"AzPolitika.info"