Avropa İttifaqı (Aİ) "Global Gateway" proqramı çərçivəsində Cənubi Qafqazda bağlantının inkişafı layihələrinə 200 milyon avro məbləğində qrant ayıracaq.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Aİ qarşılıqlı bağlılıq vasitəsilə sülhü təşviq etmək istəyir:"Bizim "Global Gateway" adlı proqramımız var və biz Qafqazda bağlantı layihələrini stimullaşdırmaq üçün 200 milyon avro məbləğində qrantlar ayıracağıq və bu, 2 milyard avro potensialı olan bir gələcək yaradacaq. Söhbət həm özəl, həm də dövlət investisiyalarından, həmçinin Naxçıvan istiqamətində dəmir yolundan, layihələrin həyata keçirilməsindən və Bakı limanının inkişafından gedir".

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, bu gün Cənubi Qafqaz çox mühüm yolayrıcında yerləşir, bu da onun strateji əhəmiyyətini artırır, Azərbaycan isə burada vacib rol oynayır: "Sizin ölkəniz regional sabitliyi və inkişafı təşviq edə bilən azsaylı ölkələrdən biridir. Bu gün Azərbaycan və Avropa İttifaqı bağlantı sahəsində də yüksək səviyyəli dialoq həyata keçirir. Eyni şeyi rəqəmsal bağlantı barədə də demək olar".