Tanınmış jurnalist Ləman Ələşrəfqızı kiberdələduzluğun qurbanı olub.

"AzPolitika" xəbər verir ki, bu barədə jurnalist özü məlumat paylaşıb.

O bildirib ki, naməlum şəxs Ümid Partiyasının sədri İqbal Ağazadənin adından açılmış saxta teleqram hesabı vasitəsilə ondan pul istəyib:

“Həmin şəxs İqbal Ağazadənin adı ilə “Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa atın, 2-3 saata göndərəcəm” yazdı. Mən də heç nə soruşmadan “baş üstə, İqbal bəy” dedim. Ardınca daha 420 manat istədi, kartımda olan 300 manatı da göndərdim. Toplam 600 AZN köçürəndən sonra həmin şəxs teleqram vasitəsilə qısa zəng etdi və daha 340 manat istədi. Yalnız onda şübhələndim. Zəng etdim, qaldırmadı. İqbal bəyin öz nömrəsinə yığanda məlum oldu ki, onun hesabı oğurlanıb və bu barədə feysbukda məlumat paylaşıb”.

Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, Telegram nömrəsi oğurlanıb: "Kimə mesaj yazsa, cavab verməsin. Yazıb, "karta pul atın", deyir".

O, kömək üçün Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə müraciət edib: 

"Hörmətli Elşad Hacıyev, 5522099370138406 bu nömrəli kartın sahibi mənim teleqram nömrəmi oğurlayıb, adımdan kontaktımda olan şəxslərə mesaj yazıb pul istəyir. Xahiş edirəm, yardımçı olun".