Ukrayna ordusu Rusiyanın iqtisadi və enerji infrastrukturuna sarsıdıcı zərbələr endirməkdə davam edir.
"AzPolitika" xəbər verir ki, iyulun 2-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Nijni Novqorod vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı hücum təşkil edib.
Rəsmi məlumatlara görə, hava hücumu nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hücumun əsas hədəfi Kstovo şəhərində yerləşən və Rusiyanın neft-qaz nəhəngi "Lukoyl" şirkətinə məxsus olan "Nijeqorodnefteorgsintez" neft emalı zavodu (NEZ) olub. Sözügedən müəssisə istehsal tutumuna görə Rusiyanın dördüncü, benzin istehsalına görə isə ikinci ən böyük neft emalı zavodu hesab olunur.
"Reuters" agentliyinin yaydığı məlumata görə, zavod artıq fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalıb. Qeyd olunur ki, iyunun 24-nə keçən gecə Ukraynanın reallaşdırdığı əvvəlki dron hücumundan sonra zavodda neft emalı onsuz da ciddi şəkildə məhdudlaşmışdı. Bu gecəki zərbələr isə müəssisənin işini tamamilə iflic edib.
Xatırladaq ki, strateji əhəmiyyətli bu zavod cari ilin may ayında baş tutan dron hücumlarından sonra da ciddi zədələr almış və fəaliyyətini müvəqqəti dayandırmalı olmuşdu. Ukraynanın ardıcıl zərbələri Rusiyanın daxili yanacaq bazarında ciddi qıtlıq yaratmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Rasim
"AzPolitika.info"

Şərhlər