Bu gün Gundelik.az xəbər portalının fəaliyyətə başlamasının növbəti ildönümü və yeni nəşr – “Şəxsiyyət və Karyera” jurnalının ilk nömrəsinin təqdimatına həsr olunmuş tədbir keçirilib.

"AzPolitika" xəbər verir ki, tədbirdə dövlət qurumlarının, Milli Məclisin, elmi ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin və ziyalıların iştirakı ilə müasir Azərbaycan mediasının inkişafı, peşəkar jurnalistikanın cəmiyyətdə rolu, eləcə də media ilə elm və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbiri hüquqşünas, QHT rəhbəri Səməd Vəkilov açaraq bildirib ki, informasiya məkanında etibarlı və peşəkar medianın fəaliyyəti cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O, “Şəxsiyyət və Karyera” jurnalının maarifləndirici və intellektual platforma kimi fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

Gundelik.az xəbər portalının və “Şəxsiyyət və Karyera” jurnalının təsisçisi və baş redaktoru Aynur Turan çıxışında jurnalın əsas məqsədinin müxtəlif sahələrdə uğur qazanan insanların həyat yolu, peşəkar fəaliyyəti və təcrübəsinin oxuculara çatdırılması, xüsusilə gənclərin şəxsi inkişafına və karyera planlamasına töhfə vermək olduğunu bildirib. O, jurnalın elm, təhsil, media, biznes və ictimai həyat arasında körpü rolunu oynayacağını vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Azər Allahverənov müasir informasiya mühitində peşəkar jurnalistikanın cəmiyyət üçün strateji əhəmiyyət daşıdığını qeyd edib, yeni nəşrin milli dəyərlərin, maarifçiliyin və sağlam informasiya mühitinin inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva qadınların ictimai fəallığının və sahibkarlığının təşviqində medianın rolundan danışaraq, “Şəxsiyyət və Karyera” jurnalının bu istiqamətdə uğurlu layihələrə dəstək verəcəyini bildirib.

Azərbaycan Jurnalistlər Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli media etikasının qorunmasının və peşəkar jurnalistikanın inkişafının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb. O, yeni nəşrin media məkanına dəyərli töhfə verəcəyinə əminliyini ifadə edib.

"Türküstan" qəzetinin və "Türküstan İnfo"nun baş redaktoru Aqil Camal isə çıxışında milli mətbuatın qarşısında duran çağırışlardan bəhs edib, peşəkar media layihələrinin dəstəklənməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Rüfət Hüseynzadə təhsil, elm və medianın qarşılıqlı əlaqəsinin cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, maarifçi nəşrlər gənc nəslin intellektual inkişafına, milli-mənəvi dəyərlərin təbliğinə və sağlam ictimai düşüncənin formalaşmasına mühüm töhfə verir. Professor vurğulayıb ki, “Şəxsiyyət və Karyera” jurnalı elmi biliklərin geniş oxucu auditoriyasına çatdırılması, uğur hekayələrinin təbliği və gənclərin karyera istiqamətləndirilməsi baxımından əhəmiyyətli platformalardan birinə çevrilə bilər.

Tədbirdə “Şəxsiyyət və Karyera” jurnalının redaksiya heyəti də təqdim olunub. Bildirilib ki, redaksiya heyətində pedaqogika, filologiya və fəlsəfə sahələrində tanınmış alimlər – professor Rüfət Hüseynzadə, dosent Oktay Səmədov, dosent Sultanəli Qurbanov, professor Kamal Camalov, fəlsəfə doktoru Vəsilə Möhsumova, dosent Aypara Behbudova və filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova təmsil olunurlar.

Natiqlər çıxışlarında milli mətbuatın inkişaf perspektivlərindən, maarifçi medianın cəmiyyətdəki rolundan, elm və təhsilin təbliğinin əhəmiyyətindən, gənclərin şəxsi inkişafı və karyera planlamasına dəstəyin vacibliyindən bəhs ediblər. Çıxışlarda "Şəxsiyyət və Karyera" jurnalının ölkənin elmi, mədəni və ictimai həyatına töhfə verəcək, müxtəlif sahələrdə uğur qazanan insanların təcrübəsini geniş oxucu auditoriyasına çatdıracaq mühüm nəşr olacağı vurğulanıb.

Sonda jurnalın ilk nömrəsinin təqdimatı keçirilib, iştirakçılar nəşrin gələcək fəaliyyəti ilə bağlı fikir və təkliflərini bölüşüblər.