ABŞ taktiki hava bombaları üçün saxlama yerlərinin yerləşdiyi Suffolkda yeni yeraltı bunkerlərin tikintisi də daxil olmaqla, Böyük Britaniyadakı hərbi bazalarının modernləşdirilməsi üçün 4,2 milyard dollar ayırmağı planlaşdırır.

"Azpolitika" xəbər verir ki, bu barədə Böyük Britaniya mediası məlumat yayıb.

Bildirilib ki, bu planlar Birləşmiş Krallıqdakı Amerika hərbi mövcudluğunun miqyasını göstərir.

Qeyd edilir ki, hazırda Böyük Britaniyada ən azı 15 baza və obyektdə 12 mindən çox Amerika əsgəri yerləşdirilib.

Maliyyələşdirmənin ən böyük hissəsi - 1,6 milyard dollardan çoxu Suffolkdakı Hərbi Hava Qüvvələri Bazasının yenidən qurulması və genişləndirilməsinə xərclənəcək. Böyük Britaniyadakı bu ən böyük Amerika bazasında 6000 Amerika əsgəri ilə yanaşı, iki F-35A Lightning II və F-15E Strike Eagle qırıcı eskadrilyası yerləşir. Əksəriyyəti Yaxın Şərqə göndərilən bu təyyarələr İrana qarşı hərbi əməliyyatlarda mühüm rol oynayıb.

Bu xərclərə təxminən iyirmi ildən sonra bazaya qayıda biləcək nüvə arsenalının yerləşdirilməsi üçün yeni infrastruktur da daxildir. Soyuq müharibə dövründə ABŞ orada Sovet İttifaqına qarşı istifadə üçün nəzərdə tutulmuş nüvə silahlarını saxlayırdı. Onların 2008-ci ildə çıxarıldığı güman edilir.

ABŞ Hərbi Hava Qüvvələri ABŞ hərbi əməliyyatı zamanı İrana qarşı kütləvi hava hücumları həyata keçirən strateji bombardmançı təyyarələrin yerləşdiyi Fairford Hərbi Hava Qüvvələri Bazasını da modernləşdirmək niyyətindədir. Onun yenidən qurulması üçün təxminən yarım milyard dollar ayrılacaq.

Daha 1,1 milyard dollar Suffolkda yerləşən Mildenhall Hərbi Hava Qüvvələri Bazasına ayrılacaq. Bazada tanker təyyarələri və təxminən 4000 Amerika hərbçisi yerləşir. Bu il Amerikanın İrana qarşı hərbi kampaniyası zamanı baza bombardmançı əməliyyatların dəstəklənməsində mühüm rol oynayıb.

Təyyarələr İrana reydlər həyata keçirən bombardmançı təyyarələri yanacaqla doldurmaq üçün Aralıq dənizinə uçublar.

Mildenhall üçün ayrılan 1,1 milyard avronun qeyri-müəyyən bir hissəsi xüsusi təyyarələrin yerləşdirilməsi üçün xüsusi obyektlərin tikintisinə sərf olunacaq. İnfrastrukturun modernləşdirilməsi təyyarələrin böhranlara daha tez reaksiya verməsinə imkan verəcək.

Böyük Britaniyadakı ən gizli Amerika bazası Yorkşir Deylsdəki Menvit Hil olaraq qalır. Bu, planetin böyük bir hissəsindəki rabitəni ələ keçirməyə imkan verən ABŞ siqnal kəşfiyyat stansiyaları şəbəkəsinin bir hissəsidir.

Bu baza üçün 163 milyon dolların ayrılmasının planlaşdırıldığı bildirilir. Bu vəsaitin dəqiq nəyə xərclənəcəyi göstərilmir.

ABŞ-ın Böyük Britaniyadakı bazaların modernləşdirilməsi üçün ayırdığı vəsaitlərin bir hissəsi ilkin inkişaf mərhələsindədir. Onların məqsədi hələlik məlum deyil.