Avropa İttifaqı Ermənistandan Avropaya ixrac olunacaq məhsulların təxminən 80%-nin tarifsizləşdirilməsinə imkan verəcək xüsusi ticarət tədbirləri tətbiq etmək niyyətindədir.
"Azpolitika" xəbər verir ki, bu barədə Yerevanda baş nazir Nikol Paşinyanla birgə brifinqdə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.
"Bilirəm ki, Ermənistan hələ də Rusiyadan ciddi iqtisadi təzyiqlə üzləşir. Amma əmin olun ki, tərəfdaşlarımıza təzyiq göstərildikdə, Avropa İttifaqı həmişə onları nəzərə almaq üçün addımlar atır. Bu gün iki tədbir elan etmək istəyirəm".
Avropa Komissiyasının prezidenti deyib ki, Ermənistan ticarətin gücləndirilməsi və şaxələndirilməsinə yönəlmiş 52 milyon avroluq yardım paketindən qalan 18 milyon avronu tezliklə alacaq.
"Bu maliyyələşdirmə ixracın təşviqi agentliyinin yaradılmasına kömək edə bilər. İkincisi, biz muxtar ticarət tədbirlərinin tətbiqini təklif edirik. Bu o deməkdir ki, bu tədbirlər Ermənistanın Avropa İttifaqına ixracının təxminən 80%-ni liberallaşdıracaq. Beləliklə, bizimlə ticarətinizin 80%-i artıq rüsumsuz olacaq", - deyə fon der Lyayen bildirib.
Onun sözlərinə görə, bunun sayəsində hazırda əsasən Rusiya bazarına yönəlmiş mallar Avropa İttifaqının vahid bazarına göndəriləcək.
“Bu tədbir Avropanın qapılarını əvvəllər Rusiyaya ixrac edilən Ermənistanın təzə kənd təsərrüfatı məhsulları, tərəvəz, meyvə və bitki mənşəli məhsullarının təxminən 99%-nə açacaq”, - deyə Aİ prezidenti bildirib.
Paşinyan da öz növbəsində Avropa İttifaqını Ermənistanın ən etibarlı tərəfdaşlarından biri adlandırıb.
"Ermənistan və Aİ iqtisadiyyat, enerji, rəqəmsal və süni intellekt sahələrində əməkdaşlığı genişləndirir. Aİ Ermənistanın ən etibarlı tərəfdaşlarından biridir. Ermənistan və Aİ bu gün əvvəlkindən daha yaxındırlar. Bu, praktik və iqtisadi xarakter alır", - deyə o bildirib.
Onun sözlərinə görə, Ermənistanın iqtisadi şaxələndirilməsi məsələsi Yerevanda Avropa Komissiyasının rəhbəri ilə danışıqlar zamanı müzakirə olunub.
Rusiya ilə Ermənistan arasında son dövrlərdə artan siyasi gərginlik fonunda (xüsusilə Ermənistanın Qərbə yaxınlaşması və 2026-cı ilin iyun seçkiləri ərəfəsində) Moskva İrəvana qarşı genişmiqyaslı idxal qadağaları və ticarət məhdudiyyətləri tətbiq etməyə başlayıb. Rusiya rəsmi olaraq bu addımları sanitar və fitosanitar (sağlamlıq və təhlükəsizlik) qaydaları ilə əsaslandırsa da, beynəlxalq analitiklər və rəsmi İrəvan bunu iqtisadi təzyiq rıçaqı kimi qiymətləndirir.
Hazırda Rusiyanın Ermənistan məhsullarının öz bazarına daxil olmasına (və ya öz ərazisindən tranzitinə) qoyduğu əsas məhdudiyyətlər əsasən kənd təsərrüfatı və qida məhsullarını əhatə edir.
Rusiyanın "Rosselxoznadzor" (Baytarlıq və Fitosanitar Nəzarət Xidməti) qurumu Ermənistan mənşəli bir çox qida məhsulunun idxalını dayandırıb.
Həmçinin Rusiya tərəfi keyfiyyət standartlarını bəhanə gətirərək erməni spirtli içkilərinin ölkəyə girişinə ciddi əngəllər törədir və bəzi markaların satışını rəsmən dayandırıb.
Rusiyanın istehlakçı hüquqlarının müdafiəsi qurumu ("Rospotrebnadzor") "Cermuk" (Jermuk) mineral sularının tərkibində kimyəvi göstəricilərin normadan artıq olduğunu əsas gətirərək bu brendin ölkədə satışını və yeni idxalını dayandırıb.
Rusiya yalnız öz daxili bazarına bu malların girişini bağlamayıb, həm də Ermənistan məhsullarının Rusiya ərazisindən keçməklə digər Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə (Qazaxıstan, Qırğızıstan, Belarus) tranzit daşınmasını da qadağan edib.

Şərhlər