Gürcüstanın yeganə neft emalı zavodu olan Kulevi Neft Emalı Zavodunu idarə edən “Black Sea Petroleum” (BSP) artıq Rusiya neftini almayacağını açıqlayıb.

“AzPolitika” xəbər verir ki, açıqlamada 2026-cı ilin avqust-sentyabr aylarından etibarən bu neft emalı zavodunun "yalnız Rusiya mənşəli olmayan" xam neft emal edəcəyi bildirilir.

Şirkət bu addımı "xammalın şaxələndirilməsi" adlandıraraq bildirib ki, "bu, “Black Sea Petroleum” məhsullarının yüksək gəlirli bazarlara çıxışını təmin edəcək". Əslində isə səbəb sanksiya qorxusudur.

“Rosneft”, emal gücü ildə 1,2 milyon ton olan Kulevi neft emalı zavoduna neft tədarükünə 2025-ci ilin oktyabr ayında başlayıb. Bu ilin fevral ayında isə Avropa Birliyi Kulevi neft terminalının Rusiya neftinin sanksiyalardan kənar ixracında iştirakı və limana qanunsuz daxil olan tankerlərdən istifadə etməklə Avropa məhdudiyyətlərini aşması səbəbindən sanksiya siyahısına əlavə edilməsini müzakirə edib.

Lakin bundan sonra Gürcüstan hakimiyyəti limanı sanksiya tətbiq edilmiş Rusiya tankerləri üçün tamamilə bağlamağa və xam neftin Rusiyadan təkrar ixracını dayandırmağa söz verib. Ayın sonunda şirkətin baş direktoru David Potsxveriya Rusiyadan xam neftin idxalına tamamilə qadağa qoyulduğunu elan edib.

O, BSP-nin "mövcud Rusiya xam neftini tamamilə əvəz etmək" məqsədi ilə Kulevi neft emalı zavodunu Türkmənistan və Qazaxıstan xam nefti ilə yanaşı, "digər alternativ mənbələrdən" neftlə təchiz etməyə başlayacağını bildirib. Nəticədə, Aİ Kulevi terminalını sanksiyalar paketindən çıxarıb.

“AzPolitika.info”