Rusiyadakı yanacaq böhranı ölkənin regionlardakı yanacaqdoldurma məntəqələrində qiymətlərin ABŞ-dəkindən daha yüksək olmasına gətirib çıxarıb.
“AzPolitika” xəbər verir ki, Rosstatın rəsmi statistikasına və hesablamalarına görə, iyun ayının sonuna qədər Rusiya Federasiyasının 12 regionunda AI-92 benzini ABŞ ekvivalentindən (Regular) daha baha satılıb. Bu barədə “The Moscow Times” qəzeti məlumat verib.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, ABŞ-də Regular benzinin qiyməti orta hesabla bir qallon üçün 3,8470 dollar və ya bir litr üçün 1,0164 dollardır. Bu, Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsi ilə 78,32 rubldur.
Məlumatlara görə, həmin benzin Yakutiyada litri 78,43 rubl, Zabaykal diyarında litri 78,78 rubl, Saxalində və Maqadan vilayətində litri 79,05 və 79,91 rubldur. Reallıqda isə Aİ-92 bu səviyyədən də bahadır.
Qiymətlər Kalmıkiyada (80,52 rubl), Kabardin-Balkariyada (81,24 rubl), Kamçatkada (85,41 rubl), Dağıstanda (89,43 rubl), Çeçenistanda (90,22 rubl) və Tuva Respublikasında (97,44 rubl) daha yüksəkdir.
Rosstatın məlumatına görə, Krımda və Sevastopolda da Aİ-92 qiymətləri ABŞ səviyyəsindən yuxarı qalxıb - müvafiq olaraq litri 81,08 və 97,95 rubl.
Bu arada, yarımadada faktiki benzin qiymətləri rəsmi statistikada dərc olunan qiymətlərdən dəfələrlə yüksəkdir. "Kommersant"ın məlumatına görə, Sevastopolda benzin litri 199 rubla, Krımda isə ümumilikdə 185-200 rubla satılır.
Rosstatın rəsmi məlumatına görə, Rusiya üzrə benzin qiymətləri 2009-cu ildən bəri rekord qırıb. İllik qiymət artımı 20%-ə yaxınlaşıb ki, bu da son 16 ildə ən yüksək göstəricidir. Bir daha qeyd edək ki, bunlar rəsmi rəqəmlərdir, reallıqda isə qiymətlər daha yüksəkdir.
“AzPolitika.info”

Şərhlər