Rusiyanın demək olar ki, bütün bölgələrini əhatə edən və durmadan artan yanacaq böhranı ölkənin müasir tarixində ən böyük böhrana çevrilə bilər.
“AzPolitika” xəbər verir ki, bu barədə yazan Rusiyanın “Kommersant” nəşri neft sənayesindəki mənbələrə istinadla dərc etdiyi məqalədə böhranın hələ başlanğıc mərhələsində olduğunu qeyd edib.
Mənbə "Kommersant"a bildirib ki, pilotsuz təyyarələrin zərbələri nəticəsində zərər görən Rusiya neft emalı zavodlarının gücünü yaxın zamanda artırmaq mümkün olmayacaq.
Onun sözlərinə görə, bu ay neft emalı zavodlarının istehsal həcmi "ən yaxşı halda" iyun ayı səviyyəsində qalacaq. Bu da o halda ki, neft emalı zavodlarına yeni hücumlar olmayacaq. Lakin hər kəsə məlumdur ki, Ukrayna bu hücumları haqlı olaraq, dayandırmaq niyyətində deyil.
“Energy Intelligence”-in məlumatına görə, Rusiyada neft emalı həcmləri iyun ayında illik müqayisədə 25% azalaraq gündə 3,91 milyon barelə düşüb. Bu da son 20 ildə ən aşağı göstəricidir. Benzin istehsalı illik müqayisədə 17% azalaraq gündə 850.000 barelə düşüb və bu rəqəm daxili bazarın tələbatından xeyli aşağıdır.
“Energy Intelligence” analitiki Liam Piç "Associated Press"ə bildirib ki, neft emalı zavodlarının dayanma müddəti "fövqəladə həddə” çatıb. Mart ayından bəri dronlar Rusiyanın neft sənayesi obyektlərinə ən azı 50 dəfə hücum edib, bəzi neft emalı zavodlarına bir yox, bir neçə dəfə zərbələr endirilib. Moskva neft emalı zavoduna iki dəfə, Nijeqorodnefteorgsintezə iki dəfə hücum edilib. “Rosneft”-in Tuapse neft emalı zavodu isə nə az, nə çox - yeddi dəfə hücuma məruz qalıb.
"Ən həyəcanverici cəhət böhranın yeni başlamasıdır. Mövsümi tələbat ənənəvi olaraq avqust-sentyabr aylarında pik həddə çatır və çatışmazlıq, qiymət artımı əlamətləri iyun ayının əvvəlində ortaya çıxır. Hazırda qıtlıq artır və benzin sürətlə bahalaşır. Böyük neft şirkətləri ilə əlaqəsi olmayan özəl yanacaqdoldurma məntəqələrində benzinin bir litri 120 və ya hətta 140 rubla satılır. Benzin böhranının episentri olan Krımda və Sevastopolda qiymətlər 200 rubla çatıb. Hazırda Rusiyanın neft emalı gücünün təxminən üçdə biri sıradan çıxıb. Bu, Rusiya iqtisadiyyatı üçün kritik bir vaxtda, məhsul yığımı mövsümünün başladığı bir vaxtda baş verir", - yazıda deyilir.
Yanacaqdoldurma məntəqələrindəki uzun növbələr onsuz da inflyasiya, internet məhdudiyyətlərindən əziyyət çəkən və müharibənin tez bir zamanda başa çatmasına dair ümidləri puça çıxan insanlar arasında narazılığı getdikcə daha da artırır.
Bununla bağlı politoloq Andrey Kolesnikov deyib:
"Yanacaqla bağlı sosial böhranın olduğu və hələlik heç bir ciddi nəticəsi olmasa da, bunun siyasi böhrana çevrilə biləcəyi aydındır. Bu, yorğunluq hissini gücləndirir və bu hiss qıcıqlanmaya çevrilir. Lakin insanların vəziyyəti dəyişdirmək üçün vasitələri olmadığı üçün hələlik etdikləri tək şey hökumətdən və müharibənin bitməməsindən şikayətlənməkdir".
“AzPolitika.info”

Şərhlər