Pentaqon ABŞ-nin avropalı müttəfiqlərinin öz təhlükəsizliklərinin təmin edilməsində daha çox məsuliyyət götürməsinə yönəlmiş planlarının uğurla icra olunduğunu düşünür. 

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi işlər üzrə müavini Elbric Kolbi sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, Vaşinqton administrasiyası Şimali Atlantika Alyansında elə dəyişikliklərə nail olmağa çalışır ki, bunun nəticəsində Avropa qeyri-nüvə silahları vasitəsilə öz müdafiəsinin təmin edilməsində əsas məsuliyyəti öz üzərinə götürə bilsin.

"Bir çoxları bunun qeyri-mümkün olduğunu, Avropanın bu addımı ata bilməyəcəyini və ya bunu istəməyəcəyini deyirdi. Gözümüzün qarşısında bu iddia təkzib olunur", - deyə Kolbi qeyd edib.

Nazir müavini vurğulayıb ki, Vaşinqton NATO-nu ABŞ-dən asılı deyil, tərəfdaşlığa əsaslanan bir alyans kimi görmək istəyir.

ABŞ prezidenti Donald Tramp da dəfələrlə alyansın fəaliyyətindən narazılığını ifadə edib. O, hələ seçilməzdən əvvəl bəyan etmişdi ki, əgər avropalı tərəfdaşlar öz təhlükəsizlikləri üçün daha çox maliyyə məsuliyyəti götürməsələr, ABŞ-ni NATO-dan çıxaracaq.