Ermənistan Parlamenti iyulun 3-də keçirilən iclasında Seçki Məcəlləsinə düzəlişləri ikinci və sonuncu oxunuşda qəbul edib.

"AzPolitika" xəbər verir ki, düzəlişlərə əsasən seçkilərdən əvvəl müəyyən müddət ölkədə olmadıqları təqdirdə səsvermə qadağan edilir.

Düzəlişlərin qəbul edilməsinin lehinə yalnız hakim Mülki Müqavilə fraksiyasından olan deputatlar səs veriblər.

Dəyişikliklərə əsasən, bundan sonra parlament seçkilərində və ümummilli referendumlarda yalnız son 730 günün (iki ilin) ən azı 366 gününü Ermənistan ərazisində daimi və fasiləsiz yaşamış vətəndaşlar iştirak edə biləcəklər. 

Qanunda o da qeyd olunur ki, bu yaşayış müddəti tələbi növbəti seçkilərə 48 gün, növbədənkənar seçkilərə isə rəsmən 28 gün qalmış müddətə qədər tam yerinə yetirilməlidir.

Müxalifət qəbul edilmiş düzəlişlərdən Konstitusiya Məhkəməsinə şikayət etmək niyyətindədir.

Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan jurnalistlərə bildirib ki, qəbul edilmiş düzəlişlər xaricdən seçki prosesinə qanunsuz təsirin qarşısını almağa yönəlib. 

"Son seçkilər belə bir riskin mövcud olduğunu göstərdi. Xaricdə seçki rüşvətlərinin paylanması ilə bağlı məlumatlar aldıq", - Rubinyan bildirib.