Litva Seymində (parlament) ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan konstitusion qadağanın ləğvini nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb.

"AzPolitika" xəbər verir ki, bu barədə parlamentin katibliyi məlumat yayıb.

Bildirilib ki, qanun layihəsi 50 deputatın imzasını toplayıb ki, bu da onun rəsmi qeydiyyata alınması üçün kifayət edib.

Sənədə əsasən, Litva Konstitusiyasının ölkə ərazisində nüvə silahları və digər kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən 137-ci maddəsinin ləğv edilməsi təklif olunur.

Bundan əvvəl Litva Prezidenti Gitanas Nauseda Baş nazir, müdafiə naziri, Seym sədri və parlament fraksiyalarının rəhbərləri ilə görüş keçirib. Görüş iştirakçıları konstitusion qadağanın ləğvi təşəbbüsünü dəstəklədiklərini bildiriblər.

Konstitusiyaya dəyişiklik qüvvəyə minməsi üçün Seym qanun layihəsini iki dəfə səsverməyə çıxarmalıdır. Səsvermələr arasında ən azı üç aylıq fasilə olmalı və dəyişiklik 141 deputatdan azı 94-nün dəstəyi ilə qəbul edilməlidir.