Banan Rusiyada ən populyar meyvədir və bu məhsulun tədarükünün böyük hissəsi Sankt-Peterburq limanı vasitəsilə həyata keçirilir. Lakin polis əməliyyatlarına dair çoxsaylı hesabatların da göstərir ki, bu marşrutla ölkəyə müntəzəm olaraq banan konteynerlərində gizlədilmiş kokain də daxil olur. 

"AzPolitika" xəbər verir ki, bananların böyük hissəsinin çatdırılmasına və boşaldılmasına nəzarət edən qeyri-rəsmi holdinqin sahibləri isə Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birbaşa əlaqələrə malikdirlər.

2026-cı ilin fevral ayının əvvəllərində Rusiya və Estoniya münasibətlərində növbəti böhran yaşandı. Səbəb Sankt-Peterburqa gedən "Baltic Spirit" gəmisinin Estoniya xüsusi təyinatlıları tərəfindən saxlanılması idi. Ekipajı tamamilə Rusiya vətəndaşlarından ibarət olan gəmi ilə bağlı insident tez bir zamanda diplomatik qalmaqala çevrildi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın vəziyyətin gedişatını diqqətlə izləyəcəyini bildirdi.

Saxlanılan gəmi Estoniyanın Muuqa limanına aparılaraq yoxlanıldı. Hər hansı qanunpozuntusu tapılmasa da, "Baltic Spirit" yoluna davam etdi. Diqqətçəkən məqam bu idi ki, saxlanılan gəmi sanksiyalı neft daşıyan kölgə donanmasına aid deyildi, Ekvadordan banan daşıyan konteyner gəmisi idi və saxlanma səbəbi narkotik daşınması ilə bağlı şübhələr olmuşdu.

"Baltic Spirit" gəmisi meyvə daşımaları üzrə ixtisaslaşmış, Kiprdə qeydiyyatdan keçmiş Cool Carriers şirkətinin donanmasına daxildir. 2025-ci ilin 29 avqustunda isə bu şirkətə məxsus Cool Emerald gəmisi Ekvadordan Sankt-Peterburq limanına daxil olarkən Rusiya gömrüyü və FTX tərəfindən əməliyyatla qarşılanmışdı. Xarici xüsusi xidmət orqanlarının məlumatı əsasında keçirilən reyd zamanı banan konteynerində 1,5 tondan çox kokain tapıldı. Qara bazarda dəyəri 20 milyard rubl olan bu yük Rusiya gömrüyü üçün əsl rekord idi.

Şirkət rəhbərliyi isə narkotik qalmaqallarından uzaqlaşmağa çalışaraq məsuliyyəti tərəfdaşların və liman orqanlarının üzərinə atır. Halbuki son üç ildə Cool Carriers donanmasına aid gəmilər Cənubi Amerikadan Sankt-Peterburqa uzanan marşrutda dəfələrlə beynəlxalq narkotrafik işlərində şübhəli bilinib.

Özünü dünyanın ən böyük refrijerator donanması operatoru adlandıran və tarixi 1915-ci ildən başlayan Cool Carriers 2014-cü ildə Sankt-Peterburqda qeydiyyatdan keçmiş Baltic Reefers tərəfindən alındı. Bu şirkətin rəhbərlərindən biri 53 yaşlı Rusiya vətəndaşı Mixail Qanyuşindir. Qanyuşin 2021-ci ildən Cool Carriers şirkətinə Kipr ofşoru vasitəsilə nəzarət edir.

Mətbuat Qanyuşini Putinin köhnə dostu, milyarder Arkadi Rotenberqlə əlaqələrdə ittiham etsə də, şirkət bunu rədd edir. Lakin sənədlər Qanyuşinin Putinin ətrafı ilə əlaqəsi olan digər bir peterburqlu iş adamı, 63 yaşlı Vladimir Borisenko ilə sıx bağlı olduğunu göstərir.

Vladimir Borisenko Rusiya mətbuatında görünməyən milyarder kimi tanınır. 2022-ci ilin sentyabrında Sankt-Peterburqda keçirilən “Ekvador küləyi” əməliyyatı zamanı tapılan yarım milyard rublluq 50 kiloqram kokain məhz Borisenko və Qanyuşinin vaxtilə birgə yaratdığı “Baltic Shipping” şirkətinə məxsus banan konteynerindən çıxmışdı.

Borisenko eyni zamanda Cənubi Afrika Respublikasının Sankt-Peterburqdakı fəxri konsuludur. O, bu statusda Rusiya XİN nümayəndələri ilə görüşür, rəsmi qəbullar keçirir. Araşdırmalar göstərir ki, o, Putinin 90-cı illərdəki həmkarı, keçmiş DTK əməkdaşı Yevgeni Qriqoryev və Putinin yaxın dostu, mərhum media meneceri Oleq Rudnovla sıx əlaqələrə malik olub.

Bundan əlavə, Sankt-Peterburq limanındakı MQS-Terminal Rusiyada istehlak edilən bananların demək olar ki, hamısını qəbul edir. Bu terminalın əsas müştərisi məhz Baltic Shipping şirkətidir. Terminalın rəhbərliyində Borisenko və Qanyuşinlə yanaşı, Putinin köhnə tanışı, keçmiş baş nazir müavini İlya Klebanovla və Rotenberq qardaşları ilə sıx biznes əlaqələri olan şəxslər təmsil olunur.

Borisenko və Qanyuşinin biznes şəbəkəsi onları Putinin məşhur Ozero kooperativindən olan dostları ilə, o cümlədən Zenit futbol klubunun keçmiş prezidenti Sergey Fursenko ilə də bağlayır. Fursenko və Yuri Kovalçuk kimi Putinə yaxın şəxslərin yaratdığı fəxri konsullar liqasına Borisenkonun da daxil olması təsadüfi deyil. Bütün bu mürəkkəb əlaqələr sübut edir ki, Rusiyanın banan kralları adını qazanan bu şəxslər təkcə meyvə ticarəti ilə deyil, həm də çox güclü siyasi və kölgə iqtisadiyyatı şəbəkələri ilə əhatə olunublar.

Rasim Əliyev

“AzPolitika.info”