Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen gələn həftə Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək. Bir neçə il əvvəl Avropa Komissiyası prezidentinin belə bir tədbirdə iştirakı daha çox istisna hal kimi qiymətləndirilərdi. Bu gün isə bu, Avropa İttifaqının (Aİ) arxitekturasında Avropa Komissiyasının siyasi rolunun genişlənməsini əks etdirərək yeni normaya çevrilir.
"Report"un Avropa bürosunun məlumatına görə, Ursula fon der Lyayen Müdafiə Sənayesi Forumunun plenar sessiyasında NATO-nun baş katibi Mark Rütte ilə birlikdə çıxış edəcək.
"Bundan əlavə, fon der Lyayen Aİ Şurasının sədri Antonio Koşta ilə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşkil olunmuş işçi şam yeməyində iştirak edəcək", - Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo brifinqdə bildirib.
Avropa Komissiyası sədrinin Şimali Atlantika Alyansının sammitində iştirakı özlüyündə artıq fon der Lyayenin rəhbərliyi dövrünün səciyyəvi xüsusiyyətinə çevrilib.
Fon der Lyayen 2019-cu ilin dekabrında vəzifəsinin icrasına başladıqdan sonra alyansın demək olar ki, bütün sammitlərində iştirak edib. Bu fakt son illərin daha geniş tendensiyasını - Avropa Komissiyasının siyasi rolunun nəzərəçarpacaq dərəcədə genişləndiyini əks etdirir.
Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan sonra məhz Avropa Komissiyası ümumavropa müdafiə siyasətinin formalaşdırılmasının əsas iştirakçılarından birinə çevrildi. O, müdafiə sənayesinə dəstək proqramlarını əlaqələndirir, yeni maliyyə alətlərinin işlənib hazırlanmasında iştirak edir və Aİ-nin təhlükəsizlik sahəsindəki bir çox təşəbbüslərini təqdim edir. Beynəlxalq arenada məhz Ursula fon der Lyayen Avropa Şurasının sədri olmaqla yanaşı, Avropa İttifaqının əsas nümayəndələrindən biri kimi daha çox çıxış edir.
Onun NATO tədbirlərində iştirakının genişlənməsi daha dərin institusional prosesi nümayiş etdirir. Müdafiə məsələlərinin hələ də əsasən üzv dövlətlərin səlahiyyətində qalmasına baxmayaraq, Avropa Komissiyası müdafiə sənayesinin inkişafı və hərbi-sənaye layihələrinin maliyyələşdirilməsindən tutmuş təhlükəsizlik siyasətinin əlaqələndirilməsinə qədər müvafiq istiqamətlərdə öz təsirini tədricən artırır.
Beləliklə, fon der Lyayenin NATO sammitlərində iştirakı sadəcə diplomatik protokol elementi deyil. Bu, Avropa İttifaqının öz daxilində balansın dəyişməsini əks etdirir: Avropa Komissiyası tədricən iqtisadi və tənzimləyici təsisat kimi ənənəvi rolundan kənara çıxaraq, xarici siyasət və müdafiə məsələləri də daxil olmaqla, Aİ-nin əsas siyasi mərkəzlərindən birinə çevrilir.

Şərhlər