Livan Prezidenti Cozef Aun İsrail ilə bağladığı müqavilələrin Livanın ərazi bütövlüyünü pozmayacağına əmin olduğunu deyib.
"Azpolitika" xəbər verir ki, Livan Prezidenti televiziya ilə yayımlanan çıxışında əldə edilən razılaşmanın Livanda İsrail işğalının davam etməsini qanuniləşdirmədiyini vurğulayıb.
Aun əlavə edib ki, məqsəd İsrail qoşunlarının geri çəkilməsini təmin etməkdir.
Aun qoşunların çıxarılması üçün dəqiq tarixlərin olmamasını razılaşmanın çərçivə xarakterli olması ilə izah edib.
Xarici media yazır ki, Aunun bu çıxışı bir sıra qeyri-hökumət təşkilatları tərəfindən müqaviləyə qarşı son tənqidlərə cavabdir. Tənqidçilər müqavilənin İsrailin hücumlarına son qoyulacağına zəmanət vermədiyini iddia edirlər.
İsrail və Livan 26 iyunda Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişi imzalayıblar. Sənəddə hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur. Eyni zamanda Livanın Hizbullah hərəkatı tərksilah edildikdən sonra İsrail qüvvələrinin Livanın cənubunda yaratdıqları təhlükəsizlik zonasından geri çəkiləcəyi qeyd olunub.
Son aylarda Livandakı münaqişə İsrail və Hizbullah arasında baş verib. Livan ordusu döyüşlərdə iştirak etməyib. Hizbullah liderləri də öz növbəsində İsrail-Livan razılaşmasının tələblərinə əməl etməyə hazır olduqlarını bildirməyiblər.

Şərhlər