ABŞ-nin paytaxtı Vaşinqtonda F-35 tipli döyüş təyyarəsinin Ağ Evin yaxınlığında bir müddət havada hərəkətsiz vəziyyətdə qalması diqqət çəkib.

Hadisə şəhərin "National Mall" ərazisində, Jefferson Memorialı yaxınlığında qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə F-35 qırıcısının su hövzəsi üzərində alçaq hündürlükdə havada asılı qaldığı və öz oxu ətrafında dövrə vurduğu görünür. Təyyarənin mühərriklərinin yaratdığı güclü hava axını nəticəsində suyun səthində dairəvi dalğalar əmələ gəlib.

Hadisə qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunun xüsusi hərbi təlim və ya təhlükəsizlik tədbiri ilə bağlı ola biləcəyini ehtimal etsələr də, digərləri uçuşun məqsədi ilə bağlı suallar səsləndiriblər.

Qeyd edək ki, 11 Sentyabr terror aktlarından sonra Vaşinqtonun mərkəzi hissəsində hava məkanı ciddi nəzarət altına alınıb və Ağ Ev ətrafında uçuşlara ciddi məhdudiyyətlər tətbiq edilir.

"AzPolitika.info"