Yeni vergi islahatları, bahalı kreditlər, alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi və artan bürokratiya sahibkarlığı sıradan çıxarır
Rusiyada yeni biznes subyektlərinin qeydiyyatı kəskin şəkildə azalıb, mövcud şirkətlərin və fərdi sahibkarların fəaliyyətinə xitam verilməsi prosesi isə sürətlənib. Araşdırmalar göstərir ki, hələ 2025-ci ildə yeni açılan şirkətlərin sayı 20% azalaraq son 14 ilin minimumuna enmişdi. 2026-cı ilin ilk beş ayında isə ölkədə artıq 466,9 min hüquqi şəxs və fərdi sahibkar fəaliyyətini dayandırıb. Likvidasiya prosesi illik müqayisədə 7,4% artıb, yeni qeydiyyatlar isə cəmi 1,2% artaraq faktiki olaraq donub.
Sahibkarlar və iqtisadçı ekspertlər mövcud mənfi tendensiyanı təkcə vergilərin artırılması və kreditlərin bahalaşması ilə deyil, həm də əhalinin alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşməsi, populyar sosial şəbəkələrin bloklanması və internet xidmətlərindəki fasilələrlə əlaqələndirirlər.
Sahibkarların etirafları: "İnsanların pulu yoxdur"
Böhrandan ən çox zərər çəkən sahələrin nümayəndələri yaranmış vəziyyəti "fəlakət" kimi qiymətləndirirlər.
Sibirdə 10 ilə yaxın fəaliyyət göstərən tikinti şirkətinin rəhbəri Sergey yerli mətbuata bildirir ki, yeni vergi islahatı çərçivəsində tətbiq edilən ƏDV (Əlavə Dəyər Vergisi) rəntabilliyi 15% olan biznesə ölümcül zərbə vurub: "Son obyekti tam sata bilmədik. İnsanların pulu yoxdur, hətta kreditlə də mənzil ala bilmirlər. Tikinti materialları və yanacaq sürətlə bahalaşır. Kiçik və orta bizneslə məşğul olan həmkarlarımın üçdə biri son altı ayda bağlanıb. Biz də fəaliyyətimizi tamamilə dayandırırıq".
Novosibirskdə gözəllik salonları şəbəkəsi qapılarını bağlayan Marina qeyd edir ki, Patent Sistemi üçün gəlir limitinin 20 micron rubla endirilməsi onları avtomatik olaraq Sadələşdirilmiş Vergi Sisteminə (SVS) keçməyə və əlavə olaraq 5% ƏDV ödəməyə məcbur edib: "Sərfiyyat materialları ilin əvvəlindən bəri 30% bahalaşıb. İnsanların yeməyə pulu çatmayanda, manikür arxa plana keçir. Salonların artıq üçdə biri bağlanıb, ilin sonuna kimi yarısı da qalmayacaq. İşçilər qeyri-qanuni olaraq evlərdə işləməyə gedirlər və kölgə iqtisadiyyatı böyüyür".
Blaqoveşşenskdə 20 illik kafe-bişirmə sexini bağlayan Arina isə bürokratiyanın dözülməz həddə çatdığını vurğulayır. Onun sözlərinə görə, 2017-ci ildə biznes açmaq üçün cəmi 4 instansiyadan keçmək kifayət edirdisə, hazırda icbari bəndlərin sayı 13-ə çatıb. Bura müxtəlif dövlət elektron sistemlərinə ("Çestnıy znak" və s.) məcburi inteqrasiya və xarici sözlərdən ibarət vizual reklam və lövhələrin şəhər memarlıq idarələri ilə razılaşdırılmasının çətinləşdirilməsi də daxildir.
Böhranın vurduğu əsas sahələr
"Kontur.Fokus" analitik sisteminin məlumatları Rusiyada iqtisadiyyatın demək olar ki, bütün sahələrində ciddi qapanmaların olduğunu göstərir. Tədqiqatçıların hesabatına əsasən, likvidasiya dalğasından ən çox zərər çəkən top-7 sahə və onların üzləşdiyi spesifik problemlər aşağıdakı kimidir:
İnternet-ticarət sektoru (E-commerce): Cari ilin ilk beş ayında bu sahədə rekord sayda – 53 372 şirkət və fərdi sahibkar fəaliyyətini tamamilə dayandırıb. Ekspertlər bunu birbaşa xərclərin kəskin artması ilə əlaqələndirirlər. Belə ki, son üç ildə iri marketpleyslərin tətbiq etdiyi komissiyalar 58-63% artıb, logistika xərcləri isə rüblük əsasda yüksəlməyə davam edərək 30%-lik artım həddini keçib. Hazırda kiçik mağazaların malı reklam etmək, saxlamaq və müştəriyə çatdırmaq xərcləri ümumi məhsul dəyərinin 62-63%-ni təşkil edir. Bunun üzərinə yeni vergi islahatının gətirdiyi ƏDV öhdəliyi də əlavə olunduqda, internet ticarəti kiçik oyunçular üçün tamamilə qeyri-rentabelli sahəyə çevrilir.
Yük avtonəqliyyatı daşımaları: Siyahıda ikinci ən böyük itki bu sahədə qeydə alınıb - yanvar-may aylarında 17 340 logistika və daşıma şirkəti bazardan çıxıb. Sürücülərin əməkhaqqı tələblərinin artması, yanacaq, ehtiyat hissələri və texniki sərfiyyat materiallarının bahalaşması fonunda dövlətin yükdaşıyanlar üçün Patent Sistemini tamamilə ləğv etməsi bu sahəyə ağır zərbə vurub.
Tikinti sektoru: İlin əvvəlindən bəri ümumilikdə 16 220 tikinti və dizayn müəssisəsi likvidasiya edilib. İpoteka proqramlarının şərtlərinin kəskin pisləşməsi və bankların kredit siyasətini sərtləşdirməsi səbəbindən yeni tikilən binalara tələbat və mənzil satışları 12% azalıb. Problemlər təkcə kiçik subyektləri deyil, həm də regional filiallarını qapadan iri tərtibatçıları (developerləri) əhatə edir. Eyni zamanda, bu sahədə yeni qeydiyyatlar da 8,4% düşüb.
Pərakəndə ərzaq ticarəti: İri federal şəbəkələrin təzyiqi və əhalinin büdcəsinə qənaət etməsi nəticəsində kiçik mağazalar kütləvi şəkildə sıradan çıxır - 16 065 mağaza bağlanıb. Böyük marketlərlə qiymət rəqabəti apara bilməyən "evə yaxın" formatlı fərdi ticarət nöqtələri artan topdansatış qiymətləri və SVS daxilində yeni ƏDV mükəlləfiyyəti qarşısında tab gətirməyərək rəflərini boşaltmağa məcbur olurlar.
Restoran biznesi və iaşə sektoru: İlin ilk beş ayında 10 423 iaşə obyekti fəaliyyətinə son qoyub. Bu, ötən il bağlanan 35,4 min obyektin yaratdığı mənfi tendensiyanın davamıdır. Əhalinin "rəsional istehlak" modelinə keçməsi səbəbindən kafelərə gediş-gəliş regionlardan asılı olaraq 3-12% azalıb. Üstəlik, işçi qüvvəsinin saxlanılması xərclərinin əsas təşkil etdiyi bu sahədə KOB-lar üçün sığorta haqları güzəştinin ləğvi (dövlət rüsumunun minimum əməkhaqqından yuxarı məbləğlər üçün 15%-dən 20%-ə qaldırılması) sektorun gəlirliliyini sıfırlayıb.
Reklam bazarı: Sifarişçilərin korporativ büdcələri ixtisar etməsi fonunda 10 368 reklam agentliyi fəaliyyətini dayandırıb. Klassik agentlik seqmentinin bazardakı payı 2020-ci ildəki 70%-dən cari ildə 45%-ə qədər sıxılıb. Müştərilər inzibati xərcləri və vergi yükü baha olan agentliklər əvəzinə, rəsmi qeydiyyatdan yayınan frilanserlərə və özünüməşğul şəxslərə üstünlük verirlər.
Taksi fəaliyyəti və bütövlüklə gözəllik sektoru: Siyahını taksi fəaliyyəti ilə məşğul olan 8 206 şirkət və gözəllik sənayesindən olan 7 444 müəssisə qapayır. Taksi sektorunda kütləvi qapanmaya səbəb sərnişin daşınmasında icbari yerli avtomobil komponentlərinin tətbiqi və xarici markaların qadağan edilməsi qanunudur. Bu müddət ərzində dövlət tərəfindən heç bir dəstək paketi verilmədən 47 fərqli məhdudlaşdırıcı təşəbbüs irəli sürülüb. Gözəllik sektorunda isə patent gəlir limitlərinin aşağı salınması şəbəkə salonlarını ağır vergi rejiminə keçməyə məcbur edib və nəticədə xidmət qiymətlərinin bahalaşması müştərilərin bu xidmətlərdən tamamilə imtina etməsinə yol açıb.
Ekspert rəyi: Kölgə iqtisadiyyatı genişlənir
İqtisad elmləri doktoru, professor Roman Yevqrafov qeyd edir ki, rəsmi qurumların vergi daxilolmalarını artırmaq üçün atdığı addımlar əks-effekt verir. Dövlət rəqabəti dözülməz etdikcə, kiçik oyunçular ya bazarı tamamilə tərk edir, ya da vergi ödəməmək üçün kölgə iqtisadiyyatına yönəlirlər.
Ekspertlərin fikrincə, artan ƏDV, bahalı logistika, icarə haqları və real gəlirlərin azalması Rusiyada kiçik biznes üçün sistemli böhran yaradıb. Mövcud makroiqtisadi tendensiyalar və sərt pul-kredit siyasəti dəyişməzsə, ilin ikinci yarısında müflisləşmə və likvidasiya dalğası daha da sürətlənəcək.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər