OPEC+ çərçivəsində könüllü neft hasilatı ixtisarlarını tətbiq edən yeddi ölkə avqust ayından etibarən gündəlik neft hasilatını iyul ayı ilə müqayisədə 188 min barel artırmaq barədə razılığa gəlib.

"AzPolitika" xəbər verir ki, bu barədə OPEC-in yaydığı məlumatda bildirilib.

Qərar Rusiyanı, Səudiyyə Ərəbistanını, İraqı, Qazaxıstanı, Küveyti, Omanı və Əlcəzairi əhatə edir. Təşkilat qeyd edib ki, hasilatın artırılması bu ölkələrə əvvəlki dövrlərdə yol verilmiş normadan artıq hasilatın kompensasiyasını daha sürətlə həyata keçirməyə imkan verəcək.

OPEC+ bazardakı vəziyyəti yaxından izləməyə davam edəcəyini vurğulayıb. Bildirilib ki, bazar şərtlərindən asılı olaraq hasilatın mərhələli artırılması dayandırıla və ya ləğv oluna bilər.

Qərara əsasən, avqust ayında Rusiyanın gündəlik neft hasilatı kvotası 9,887 milyon barel, Səudiyyə Ərəbistanının 10,416 milyon barel, İraqın 4,405 milyon barel, Küveytin 2,66 milyon barel, Qazaxıstanın 1,618 milyon barel, Əlcəzairin 1,001 milyon barel, Omanın isə 836 min barel təşkil edəcək.

OPEC+ ölkələrinin növbəti iclasının avqustun 2-də keçirilməsi planlaşdırılır.