İran və ABŞ arasında texniki danışıqların növbəti raundu, çox güman ki, Pakistanda keçiriləcək, lakin İsveçrədə keçirilməsi də istisna olunmur.

"Report" xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Pakistanın "Dawn" portalı məlumat yayıb.

"Texniki danışıqların təşkili üçün iki variant var - İslamabad və Bürgenstok. Bununla belə, Pakistanın paytaxtı ən çox ehtimal olunan variantdır", - mənbələrdən biri bildirib.

Onlar vurğulayıblar ki, görüşdə İranın nüvə problemi, Tehrana qarşı sanksiyaların yumşaldılması, xaricdəki İran aktivlərinin sərbəst buraxılması məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Həmçinin Hörmüz boğazında sabit vəziyyətin qorunub saxlanılması, eləcə də İsrail və "Hizbullah" tərəfindən atəşkəsə riayət edilməsi barədə də danışılacaq.

Daha əvvəl "Al Hadath" telekanalı İran və ABŞ nümayəndələri arasında növbəti danışıqların iyulun 11-də Pakistanda keçiriləcəyi iddiası ilə çıxış etmişdi.