"Millikart" prosessinq mərkəzi MMC-nin direktoru dəyişdirilib.

"AzPolitika" Yurd.Media-ya istinadən xəbər verir ki, şirkətə 2022-ci ildən rəhbərlik edən Emin Muxtarovun əvəzinə "Azərbaycan Sənaye Bankı"nın İdarə Heyətinin üzvü İlker Hepçorman təyin olunub.

Qeyd edək ki, İlker Hepçorman 1980-ci ildə İzmirdə (Türkiyə) anadan olub. 2013-cü ildən etibarən “Azərbaycan Sənaye Bankı” ASC-də rəqəmsal bankçılıq və ödəniş kartları sahəsində menecer vəzifəsində çalışıb. 2024-cü ildən Bankın İdarə Heyətinin üzvüdür. 2019-cu ildən “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının üzvüdür.

Xatırladaq ki, “MilliKart” prosessinq mərkəzi 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılıb və sonradan banklara satılıb. Müxtəlif dövrlərdə şirkətin səhmdarları sırasında “Bank Respublika”, “Unibank”, “Azər-Türk Bank”, “Rabitəbank”, “Turan Bank”, “Bank of Baku”, “Xalq Bank”, “AccessBank” və digər banklar və kredit təşkilatları vardı. Bu ilin may ayında isə “MilliKart” MMC-nin nizamnamə kapitalındakı pay bölgüsü dəyişdirilib və səhmdarlayın sayı 4-ə enib — “Azərsun Holdinq” MMC, “Azərbaycan Sənaye Bankı” ASC, “TuranBank” ASC və “Bank of Baku” ASC. Digər səhmdarlar “Azərsun Holdinq” MMC-nin təklifi əsasında “MilliKart” MMC-nin nizamnamə kapitalındakı paylarını “Azərbaycan Sənaye Bankı” ASC-yə satıblar.