Ukraynanın Rusiyanın enerji infrastrukturuna qarşı zərbələrini kəskin şəkildə artırması bu ölkədə son onilliklərin ən böyük yanacaq böhranlarından birinə yol açıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti öz analitik təhlillərinə və Polşanın “Rochan Consulting” konsaltinq qrupunun məlumatlarına istinadən yazıb.

Ekspertlərin hesablamalarına görə, təkcə cari ilin may ayında Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın neft emalı zavodlarına (NEZ) 16 uğurlu hücum reallaşdırıb. Bu, genişmiqyaslı müharibənin başlanmasından bəri ən yüksək aylıq göstəricidir. Ümumilikdə isə 2026-cı ilin əvvəlindən bəri Rusiyanın neft-qaz infrastrukturuna ən azı 194 zərbə endirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 dəfə çoxdur.

Nəşr yazır ki, Ukraynanın bu kampaniyasının səmərəliliyi bir neçə amillə bağlıdır:

-Uzaqmənzilli PUA-ların istehsalının xeyli artırılması;

-Dronların tətbiqi taktikasının təkmilləşdirilməsi;

-Ukrayna rəsmilərinin iddiasına görə, Rusiya HHM sistemlərindən yan keçmək üçün marşrutların seçilməsində ABŞ kəşfiyyatının dəstəyi.

Hücumların intensivləşməsi Rusiyanın daxili bazarında ciddi fəsadlar yaradıb. Məlumata görə, Rusiya regionlarının yarıdan çoxunda yanacaq satışına məhdudiyyətlər tətbiq olunub. Hətta paytaxt Moskvada belə yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb. Qeyd olunur ki, iyun ayında Ukrayna PUA-ları paytaxtı yanacaqla təmin edən yeganə müəssisəyə - Moskvanın Kapotnyadakı NEZ-inə bir neçə dəfə uğurlu zərbələr endirib.

"FT"-yə danışan ekspertlər bildirirlər ki, Kiyevin strategiyasında ciddi dəyişiklik var. Əgər əvvəllər zərbələr əsasən yalnız neft infrastrukturunu hədəf alırdısa, hazırda Ukrayna Rusiyanın enerji, logistika, sənaye və ixrac sistemlərini eyni vaxtda zəiflətməyə çalışır.

Bununla belə, qəzet qeyd edir ki, Kremldə hələ ki, müharibə ilə bağlı mövqenin dəyişməsi müşahidə olunmur. Sülh məsləhətləşmələrində iştirak edən mənbələrin sözlərinə görə, Moskva hələ də özünün maksimalist məqsədlərinə nail olacağına ümid edir və danışıqlarda ciddi güzəştlərə getməyə hazır deyil.

Rasim

“AzPolitika.info”