İlhaq edilmiş Krımda böyük elektrik kəsintisi baş verib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Krımenerqo” rəsmi məlumat yayıb.
Elektrik şirkətinin nümayəndəsi “İnterfaks” agentliyinə deyib ki, "Yüksək gərginlikli şəbəkədə xarici amillərin yaratdığı texnoloji pozuntular səbəbindən Krım Respublikasının bütün şəhər və rayonlarında böyük elektrik kəsintiləri baş verib".
6 iyul gecəsi Krımdakı Sevastopolun Rusiya tərəfindən təyin olunmuş meri Mixail Razvojayev şəhərin tamamilə elektriksiz qaldığını açıqlayıb. "Telefonunuzun batareyasına qənaət edin. Cihazlarınızdan yalnız təcili rabitə üçün istifadə edin. Arxa fon tətbiqlərini söndürün və parlaqlığı minimuma endirin", - Razvojayev “Telegram”-da yazıb. Səhər o, əlavə edib ki, enerji işçiləri ehtiyat sistemlər vasitəsilə elektrik enerjisini qismən bərpa edə biliblər, lakin gün ərzində elektrik kəsintiləri olacaq.
Yerli kanalların məlumatına görə, Ukrayna dronları dünən gecə Tavriçeskaya İstilik Elektrik Stansiyasına və Simferopol İstilik Elektrik Stansiyasına hücum edib.
Məlum olduğu kimi, iyun ayında Ukrayna hakimiyyəti Krımı Rusiyadan təcrid etmək və onu "adaya çevirmək” planlarını açıqlayıb. Bu məqsədlə Ukrayna Silahlı Qüvvələri Rostov vilayətini işğal olunmuş Ukrayna əraziləri vasitəsilə ilhaq edilmiş Krımla birləşdirən R-280 "Novorossiya" federal magistral yolunu atəş nəzarətinə götürüb. Bu, yarımadada yanacaq çatışmazlığına səbəb olub və iyunun sonunda yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağı artıq tamamilə yoxa çıxdığından vəziyyət daha da pisləşib.
Eyni zamanda, Ukrayna qoşunları yarımadanın hərbi və enerji infrastrukturuna, eləcə də strateji körpülərə zərbələrin sayını əhəmiyyətli dərəcədə artırıb. Nəticədə, yarımadada elektrik enerjisi çatışmazlığı yaranmağa başlayıb. Rusiya qatarları da artıq Krıma getmir. Bundan sonra Krım və Sevastopolda hətta ərzaq təchizatında fasilələr və onların satışına məhdudiyyətlər başlayıb.
“AzPolitika.info”

Şərhlər