Avropa Komissiyası (AK) daxili islahatlar çərçivəsində xarici siyasətlə məşğul olan bölmələrini gücləndirmək imkanlarını nəzərdən keçirir.

"AzPolitika" xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, təklif bir neçə strukturun vahid və nüfuzlu xarici əlaqələr departamentində birləşdirilməsini nəzərdə tutur.

Yeni departamentə Ticarət üzrə Baş Direktorluğun, eləcə də Yaxın Şərq və Şimali Afrika siyasəti ilə məşğul olan baş direktorluqların struktur bölmələrinin tam və ya qismən daxil edilməsi planlaşdırılır.

Bildirilir ki, planın təfərrüatlarının bir hissəsi iyulun 13-də Avropa Komissiyasının əməkdaşlarına təqdim olunacaq.

Avropa Komissiyası regional və sosial fondların idarə olunması üçün İnvestisiyalar üzrə Baş Direktorluğun yaradılması imkanını da nəzərdən keçirir. Nəşrin məlumatına görə, bu addım Komissiyanın sədri Ursula fon der Lyayenin qurumun idarəçiliyində təsir imkanlarını artıracaq.

Nəşr həmçinin qeyd edib ki, yeni strukturun yaradılması ilə bağlı müzakirələr Avropa Komissiyasının ən qədim qurumlarından biri olan Regional və Şəhər Siyasəti üzrə Baş Direktorluğun ləğvi ehtimalı ilə əlaqələndirilir.