Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı son 24 saatda 14 nəfər artaraq 506-ya çatıb.

"AzPolitika" xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media Nazirliyi gündəlik bülletenində məlumat verib.

Yoluxanların sayı 1561 nəfərdir (bir gün əvvəldən 33 nəfər çox). Ölüm nisbəti isə 32,4%-dir.

Xəstəxanalarda və tibbi təcridxanalarda müşahidə altında 628 xəstə var. Son 24 saat ərzində laboratoriyada təsdiqlənmiş 33 yeni Ebola yoluxma halı aşkar edilib. 253 nəfər tam sağalıb.

Təmasların izlənməsi nisbəti 81,6%-ə çatıb. Ebola xəstələri ilə fiziki təmasda olan 10 mindən çox insan təcrid olunub. Virusun inkubasiya dövrü 21 gündür.

Qeyd edək ki, hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb. Episentr Konqonun İturi əyalətindədir.