ABŞ Prezidenti Donald Tramp ilə İtaliyanın Baş naziri Corca Meloni arasındakı gərginlik yeni mərhələyə qədəm qoyub.
"AzPolitika" xəbər verir ki, Tramp özünə məxsus "Truth Social" sosial şəbəkəsində Meloni ilə birgə çəkilmiş şəklini paylaşaraq növbəti dəfə İtaliya hökumət başçısını hədəf alıb. O, ötən ay Fransada keçirilən sammit zamanı çəkilmiş və Meloninin ona tərəf baxdığı anı əks etdirən fotonun üzərinə ingiliscə "RESTRAINING ORDER NEEDED" (Yaxınlaşmağı qadağan edən məhkəmə qərarı lazımdır) sözlərini yazıb. Tramp bu addımı ilə Meloninin ona qarşı həddindən artıq maraq göstərdiyini və onu təqib etdiyini sarkastik şəkildə iddia edib.
Liderlər arasındakı qarşıdurma bir müddət əvvəl Trampın Meloninin onunla şəkil çəkdirmək üçün "dəfələrlə yalvardığını" deməsindən sonra başlayıb. İtaliyanın Baş naziri isə bu iddiaları qəti şəkildə rədd edərək nə özünün, nə də ölkəsinin heç vaxt heç kimə yalvarmadığını bəyan etmiş və Trampın xarici siyasətini kəskin tənqid etmişdi.
Trampın bu son paylaşımı Ankarada keçiriləcək NATO sammiti ərəfəsinə təsadüf edir. İtaliya mediasının yaydığı məlumata görə, rəsmi Roma Trampın bu paylaşımını əsassız şəxsi hücum və provokasiya kimi qiymətləndirir, gərginliyin daha da böyüməsinin qarşısını almaq üçün isə bu addımı rəsmi şəkildə görməzdən gəlməyə üstünlük verir. Bununla belə, İtaliyanın xarici işlər naziri Antonio Tayani daha əvvəl Trampın Meloniyə qarşı ittihamlarına etiraz olaraq ABŞ-yə nəzərdə tutulan rəsmi səfərini təxirə salmışdı.
"AzPolitika.info"


Şərhlər