Rusiya Ukraynada hücumlarını davam etdirmək üçün bütün imkanlarını demək olar ki, tükəndirib.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D. Vens "The Times" qəzetinə verdiyi müsahibədə deyib.
O, Vladimir Putinin ordusunu ələ keçirdiyi ərazinin "hər kvadrat kilometri üçün çox yüksək qiymət" ödədiyini qeyd edib: "Düzünü desəm, ruslar indi hücum əməliyyatlarının davam etməsindən əldə edə biləcəkləri faydanın əhəmiyyətsiz olduğu - sıfıra yaxınlaşdığı bir vəziyyətdədirlər".
Onun fikrincə, bu vəziyyət Tramp administrasiyasının Ukraynaya müdafiəyə diqqət yetirməyi tövsiyə etməsindən sonra yaranıb. Vens qeyd edib ki, Rusiya qoşunlarını tükəndirmək üçün dronların geniş istifadəsi işğal olunmuş əraziləri böyük hücumlar vasitəsilə geri almaq cəhdlərindən daha təsirli bir taktikaya çevrilib. Onun sözlərinə görə, Ukraynanın uğurlu müdafiəsi və Rusiyanın hücum potensialının tükənməsi müharibəyə son qoymaq üçün fürsət pəncərəsi açır.
Bundan öncə “Bloomberg” Trampın Ukraynadakı müharibə ilə bağlı qiymətləndirməsini yenidən nəzərdən keçirdiyini və indi onun ətrafındakılar və G7 daxilində Rusiyanın döyüş meydanında qələbə qazana bilməyəcəyi barədə fikir yarandığını bildirib.
"Politico" mənbələrinin verdiyi məlumata görə, Fransada keçirilən sammitdə qapalı görüş zamanı Amerika lideri Kiyevi dəstəkləməyə və Moskvaya təzyiqi artırmağa hazır olduğunu bəyan edib. Tramp ictimaiyyət qarşısında "Rusiyanın daha güclü ordusu olduğunu, lakin Ukraynanın mübarizə apardığını və geri qalmadığını" bildirib.
Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) son məlumatına görə, iyun ayına qədər Rusiya itkiləri 450 min öləmlər daxil olmaqla, 1,4 milyona çatıb.
Bu fonda Rusiyanın hücumu faktiki olaraq dayandırılıb. Finlandiyanın OSINT layihəsi olan "Black Bird Group"un analitiklərinin hesablamalarına görə, Putinin ordusu fevral-may ayları arasında Ukrayna ərazisinin 164 kvadrat kilometrini ələ keçirib, ötən ilin eyni dövründə isə bu rəqəm 1151 kvadrat kilometr olub. CSIS-in hesablamalarına görə, Donetsk bölgəsində orta irəliləyiş gündə 50-90 metrdir.
“AzPolitika.info”

Şərhlər